AZ

Tramp 1963-cü ildə bağlanmış “Alkatras”ın işini bərpa etməyi tapşırıb

1963-cü ildə fəaliyyəti dayandırılmış Amerika həbsxanası “Alkatras” yenidən açılacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində bildirib.

“Alkatras”ı bərpa etmək və açmaq! Amerika uzun müddətdir ki, cəmiyyətin tör-töküntüsü olan, əzab və işgəncədən başqa heç nə gətirməyən qəddar, zalım residiv cinayətkarlardan əziyyət çəkir. Daha ciddi bir ölkə olduğumuz keçmiş zamanlarda, ən təhlükəli cinayətkarları tərəddüd etmədən həbsxanaya salır və onları zərər verə biləcəkləri insanlardan uzaq saxlayırdıq. Belə də olmalıdır. Biz artıq küçələrimizdə şər, qan tökülməsi və xaos yayan bu seriyalı cinayətkarlara dözməyəcəyik. Məhz buna görə də bu gün mən Həbsxanalar Bürosuna Ədliyyə Nazirliyi, FTB və Daxili Təhlükəsizlik Nazirliyi ilə birlikdə Amerikanın ən amansız və qəddar cinayətkarlarını saxlamaq üçün əhəmiyyətli dərəcədə genişləndirilmiş və yenidən qurulmuş “Alkatras” həbsxanasını yenidən açmağı tapşırıram”, – Amerika lideri yazıb.

O hesab edib ki, “Alkatras”ın işinin bərpası “qanun, nizam və ədalətin simvolu” olacaq.

“Biz artıq cinayətkarların, quldurların və öz işlərini yerinə yetirməkdən qorxan və ölkəmizə qanunsuz gəlmiş cinayətkarları deportasiya etməyimizə imkan verməyən hakimlərin girovuna çevrilməyəcəyik”, – Tramp əlavə edib.

Həbsxana San-Fransisko körfəzində eyni adlı adada yerləşir. 1912-ci ildə adada “Alkatras” adlandırılan həbsxana korpusu tikilib. O, intizam qaydalarını pozanlara qarşı sərtliyi ilə ün qazanıb, bu səbəbdən də oraya ən təhlükəli cinayətkarlar: qatillər, oğrular, zorakılar, qanqsterlər, həbsxana intizamını sistematik şəkildə pozanlar və üsyankarlar göndərilirdi.

Qeyri-rəsmi olaraq “Qaya” adlandırılan həbsxananın mövcudluğu illərində oradan 14 qaçış cəhdi olsa da, onların heç biri uğurla nəticələnməyib. Hətta qaçanlar sayıq keşikçilərdən qaça bilsələr belə, körfəzin soyuq sularında heç kim sağ qalmayıb. 1963-cü ildə “Alkatras” bağlanıb.

Seçilən
0
report.az

1Mənbələr