Rumıniyanın millətçi “Rumınların Birləşməsi Alyansı” (RBA) partiyasının rəhbəri Corce Simion mayın 5-də keçirilmiş Rumıniya prezidentinin təkrar seçkilərinin birinci turunda qalib gəlib.
“Report” ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, bülletenlərin 97 %-nin emalından sonra Simion 40,07 % səslə liderlik edir. O, mütləq çoxluq qazanmadığı üçün seçkilərdə ikinci tur keçiriləcək.
İkinci yeri sol mərkəzçi “Rumıniya, irəli” alyansının dəstəklədiyi Krin Antonesku tutur, o, seçicilərin 20,72 % səsini toplayıb. Üçüncü nəticəni sağ mərkəzçi “Rumıniyanı Xilas Birliyi”nin qurucusu, Buxarestin baş meri Nikusor Dan göstərir – 20,58 %. 100 % səslərin hesablanmasından sonra onlardan hansının Simionla birlikdə ikinci tura çıxacağı məlum olacaq.
MSK-nın məlumatına görə, birinci turda təxminən 9,57 milyon nəfər və ya səsvermə hüququ olan Rumıniya vətəndaşlarının ümumi sayının 53,2 %-i səs verib. Xarici məntəqələrdə 973 min nəfər səs verib.
Simion əvvəlcədən bildirib ki, təkrar prezident seçkilərində qalib gəldiyi təqdirdə, kənarlaşdırılmış ifrat sağçı siyasətçi Kelin Corceskunu hakimiyyətə qaytara bilər. Belə ki, o, əvvəlki seçkilərin birinci turunda qalib gəlsə də, onun nəticəsi ləğv edilmişdi.