Bu gün “Bavariya” vaxtından əvvəl Almaniya Bundesliqasının 34-cü çempionluğunu rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu, “Bayer Leverkuzen”in “Frayburq”la 2:2 hesablı bərabərliyindən sonra mümkün olub. Həmin nəticə Leverkuzeni xallar baxımından “Bavariya”ya çatmaq imkanından məhrum edib və Münhen təmsilçisini vaxtından əvvəl çempion edib.
Bu titul eyni zamanda “Bavariya”nın təcrübəli futbolçusu, 35 yaşlı yarımmüdafiəçi Tomas Müller üçün də xüsusi əhəmiyyət kəsb edib. O, karyerasında 35-ci dəfə müxtəlif turnirlər üzrə titul qazanıb.
Qeyd edək ki, Müller titullara və oynadığı matçlara görə "Bavariya"nın rekordçusudur (749). O, həmçinin Almaniya millisinin tərkibində 2014-cü ildə Dünya Çempionudur. Daha əvvəl Müllerin cari mövsümün sonunda klubdan ayrılacağı bildirilirdi.
Ulduz futbolçu bu mövsüm Bundesliqada 28 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun həmçinin Çempionlar Liqasında 12 oyun, 3 qol və bir məhsuldar ötürmə var.