"Bu ixtisarlar resursları Çinlə mübarizəyə və ABŞ-a narkotik qaçaqmalçılığı ilə məşğul olan kartellərə qarşı yönəltmək planı fonunda aparılır..."
ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın illərdə Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) təxminən 1200 iş yerini ləğv etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post " nəşri mayın 2-də mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, işdən çıxarılmalar ABŞ-ın digər kəşfiyyat orqanlarının minlərlə əməkdaşına da təsir göstərə bilər. Qeyd olunur ki, ixtisarlar əsasən yeni işçilərin qəbulunun məhdudlaşdırılması hesabına həyata keçiriləcək.
"Birbaşa işdən çıxarılmalar nəzərdə tutulmur, - nəşr qeyd edir. 1200 nəfərlik ixtisara daxil olanlar arasında vaxtından əvvəl təqaüdə çıxanlar da var. Hansı konkret bölmələrin bu tədbirlərdən təsirlənəcəyi açıqlanmayıb.
Hazırda MKİ-də təxminən 22 min əməkdaşın çalışdığı ehtimal olunur, dəqiq rəqəm isə açıqlanmır. Jurnalistlər vurğulayır ki, bu ixtisarlar MKİ-nin yeni rəhbəri Con Retkliffin resursları Çinlə mübarizəyə və ABŞ-a narkotik qaçaqmalçılığı ilə məşğul olan kartellərə qarşı yönəltmək planı fonunda aparılır.
Qeyd olunur ki, bu ixtisarlar İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəçiliyi Effektivliyi Departamentinin (DOGE) təşəbbüslərindən asılı olmayaraq həyata keçirilir.
MKİ "The Washington Post"-un məlumatını təsdiqləmir
MKİ-nin nümayəndəsi "The Washington Post"-un bu məlumatını təsdiqləməyib. Jurnalistlərin sözlərinə görə, o bildirib ki, "Direktor Retkliff MKİ əməkdaşlarının milli təhlükəsizlik sahəsində administrasiyanın prioritetlərinə çevik reaksiya verməsini təmin etmək üçün operativ tədbirlər görür".
Bu addımlar "idarənin enerjisini yeniləmək, yeni liderlərin ortaya çıxmasına şərait yaratmaq və MKİ-nin missiyasını daha yaxşı yerinə yetirməsi üçün mövqelərini gücləndirmək məqsədi daşıyan kompleks strategiyanın bir hissəsidir".
Nəşr xatırladır ki, həm Con Retkliff, həm də ABŞ milli kəşfiyyatının direktoru Talsi Qabbard idarələrinin fəaliyyətini optimallaşdıracaqlarını vəd edib. Trampın göstərişi ilə onlar, xüsusilə, müxtəliflik proqramlarından imtina edib və bu sahə ilə məşğul olan əməkdaşları işdən çıxarıb.