Ərazidə piyada keçidini bildirən nişan olsa da, zolaqlar uzun müddətdir bərpa olunmadığından silinib və sürücülər onu görə bilmirlər.
Xezerxeber.az xəbər verir ki, söhbət Goradil kəndinin Heydər Əliyev Prospekti 127 ünvanından gedir. Hazırda piyada keçidi tamamilə sıradan çıxıb. Sakinlər bildirirlər ki, məktəbə və bağçaya gedən uşaqlar, eləcə də yaxınlıqdakı icra nümayəndəliyinə və bələdiyyəyə gələn sakinlər avtomobil yolundan keçərkən ciddi təhlükə ilə üz-üzə qalırlar. Sürücülər yolun bu hissəsində sürət həddinə əməl etmir və piyada keçidinin görünməməsi vəziyyəti daha da təhlükəli edir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda region üzrə piyada zolaqlarının yenilənməsi işləri həyata keçirilir. Sözügedən ünvandakı piyada zolaqlarının təzələnməsi isə tədbirlər planında yer alıb və çox qısa vaxt ərzində rənglənəcək. Bununla da sakinlərin haqlı şikayətləri tam aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: