AZ

GYB-nin Azərbaycan bölməsinin sədri: Gürcüstanda ədəbi elitamız yoxdur

TBİLİSİ, 4 may. TELEQRAF

“Gürcüstanda azərbaycanlı toplumun ədəbi elitası yoxdur. Gürcü ədəbi mühitində milli kimliyimizi gündəmə gətirib özümüzü tanıda bilməmişik”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Yazıçılar Birliyinin (GYB) Azərbaycan bölməsinin sədri Allahverdi Təkləli Tbilisidə gənc şair və yazıçı Azər Musaoğlunun “Mezozoy erasında yadplanetli” adlı kitabının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Gürcüstanda milli ədəbi təfəkkürümüzü, milli kimliyimizi doğru-dürüst formada ortaya qoymaq lazımdır.

“Gürcü ədəbi mühitində düzgün tanınmamağımızın günahı yaşlı nəslə aid azərbaycanlı qələm sahiblərində də var. Ədəbi elita formalaşdıra bilməmişik. Ədəbi mühitdə bizim də səsimiz olmalıdır. Bu həm vətəndaşlıq, həm də toplum qarşısında olan borcumuzdur. Bir toplumun əsas vəzifələrindən biri istənilən sahədə özünü düzgün ifadə edib tanıtmaqdır. Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsi imkanı daxilində ədəbi elitanın formalaşdırılmasına dəstək göstərməyə hazırdır”, - A.Təkləli söyləyib.

Sədr qeyd edib ki, GYB-də Azərbaycan bölməsinə aid otaq Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təmir-bərpa olunur və məkanın yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılıb.

“Ədəbi mühitdə təmsil olunan istedadlı gənclərimizi fəal olmağa çağırıram. Həmin otaq gənclərimizin əsərlərnin dinlənilməsinə, müzakirəsinə və fikir mübadiləsinə açıq olacaq. Ədəbi və mədəni elitamızın formalaşdırılması üçün tələb olunan tədbirləri birgə müəyyən etməli və lazımı addımlar atmalıyıq”, - A.Təkləli deyib.

Seçilən
0
teleqraf.com

1Mənbələr