Ukrayna Prezidenti Volodimir Zelenski birinci xanımla birlikdə Çexiyaya rəsmi səfərə gəlib.Bu barədə Zelenski teleqramda yazıb.
O, Çexiyaya prinsipial dəstəyinə və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə görə təşəkkür edib. O qeyd edib ki, Çexiyanın artilleriya təşəbbüsü səmərəli olub və bu əməkdaşlıq davam etdiriləcək.
“Əməkdaşlığın ayrı bir istiqaməti hərbi aviasiyamızın inkişafı, pilotlar üçün təlim proqramlarının genişləndirilməsi və F-16 donanmamızın təmin edilməsidir. Çexiya və aviasiya koalisiyasının digər iştirakçıları ilə birlikdə Ukrayna üçün yaxşı xəbərlər hazırlayırıq”, – Ukrayna lideri söyləyib.
Zelenski Çexiya Prezidenti Petr Pavel, Baş nazir Petr Fiala və xarici işlər naziri Yan Lipavski ilə görüşlər keçirməyi planlaşdırır. Görüşlər zamanı hərbi yardım, Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası, həmçinin təhlükəsizlik zəmanətlərinin müzakirəsi gözlənilir.