“Mən bu vəzifəyə gələndə qarşıma I Liqaya vəsiqə qazanmaq və çempionluq qoyulmuşdu. Hələ deyə bilmərəm ki, çempion olduq. Əsas rəqibimiz “Şəfa” güclü komandadır, əgər onlarla rəqabət aparmasaydıq, çempionluğu qabaqcadan qeyd edərdik. Qarşıdakı iki turda “Qusar” və “Dinamo”nu üstələləyib, çempion olmağa çalışacağıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri II Liqanın lideri “Şahdağ Qusar” klubunun baş məşqçisi Elnur Abdullayev deyib.
Bu gün “Şəfa” ilə oyundan sonra (0:0) jurnalistlər önünə çıxan çalışdırıcı azarkeşlərə minnətdarlığını bildirib: “Azarkeşlərin qarşısında çıxış etmək çox xoşdur. Mən özüm “Xəzər-Lənkəran”da oynamışam. Belə ab-hava çox görmüşəm. Bir az futbolçulara görə narahat idim. Onları oyuna kökləyə bildim. Azarkeşlərimizə sonsuz minnətdarlığımı bildirirəm. Həqiqətən azarkeşsiz futbol çox pisdir. İnşallah, onları çempionluqla sevindirməyə çalışacağıq”.
E.Abdullayev “Şəfa” rəhbərliyinin matçdan öncə biletləri 10 manata satması məsələsinə də münasibət bildirib: “Bir var azarkeş, bir də var fanat. Bizi bu gün tribunada dəstəkləyənlər fanatlar idi. Arzu edirəm ki, heç kim fanatları incitməsin. Çünki onlar yaddaşlarından heç nəyi çıxartmırlar. Onları incitmək olmaz. Bu gün möhtəşəm idilər. Həmişə 12-ci oyunçu kimi yanımızdadırlar. Biletlərin qiymətinə gəlincə, bu məsələyə qarışmaq istəmirəm. Bilet alıb-satmaq mənim işim deyil. Ancaq düşünürəm ki, bu oyuna biletlərin qiyməti “Şahdağ Qusar”ın ev matçındakı kimi olsaydı, daha yaxşı olardı. İnşallah, gələcəkdə belə şeylər olmaz”.