TBİLİSİ, 4 may. TELEQRAF
Tbilisidə gənc şair və yazıçı Azər Musaoğlunun “Mezozoy erasında yadplanetli” adlı ilk şeirlər toplusu təqdim olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, təqdimat mərasimi Gürcüstan Yazıçılar Evində keçirilib.
Kitab Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının maliyyə dəstəyi ilə nəşr edilib, ön sözün müəllifi və redaktoru Gürcüstan Yazıçılar Birliyinin (GYB) Azərbaycan bölməsinin sədri Allahverdi Təhləlidir.
A.Təhləli müəllifi kitabın işıq üzü görməsi münasibəti ilə təbrik edərək A.Musaoğlunu dəyərli qələm sahibi adlandırıb. Onun sözlərinə görə, gənc yazar fərqli poetik ifadə tərzinə malikdir və əsərlərində modern düşüncə tərzi, novartorçu meylləri görünür.
Daha sonra çıxış edən Gürcüstan Yazıçıları Birlyinin həmsədri Bağatur Arabuli deyib ki, A.Musaoğlu ölkənin azərbaycandilli ədəbiyyatının modernist şairidir. O qeyd edib ki, “Mezozoy erasında yadplanetli” kitabında yer alan şeirlərin gürcü dilində tərcümə olunaraq dərc edilməsi nəzərdə tutulub.
Təqdimatda iştirak edən GYB-nin Azərbaycan bölməsinin üzvləri, publisistlər, ictimai xadimlər, müəllifin dostları da çıxış edərək A.Musaoğluna yeni yaradıcılıq uğurları, poetik ömrünün uzun olmasını arzulayıblar.
Qeyd edək ki, Qardabanidən olan A.Musaoğlu 2018-ci ildən Gürcüstanda Azərbaycan dilində nəşr olunan, hazırda fəaliyyətini elektron formatda davam etdirən “Yeni Yol” qəzetinin redaktorudur. Şeirləri gürcü və özbək dillərinə tərcümə edilib, hekayələri Azərbaycanın aparıcı mətbu orqanlarında dərc olunub, müsabiqələrə təqdim olunub. İstedadlı soydaşımız həm də rəssamdır. “Mezozoy erasında yadplanetli” kitabının üz qabığının tərtibatında onun “Adəm və Həvva” və “Zəncirotu və kərkədan” adlı əsərlərindən istifadə edilib.