AZ

"Demokratiya, yoxsa tiraniya?": Marko Rubio Almaniya XİN ilə AfD mövzusunda mübahisə etdi

 
"Ən böyük ekstremizm açıq sərhədlər vasitəsilə həyata keçirilən ölümcül immiqrasiya siyasətidir..."
 
ABŞ Dövlət katibi Marko Rubio Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyasının ekstremist təşkilat elan olunması ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə dolayı mübahisəyə girib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb. Məlumatı "rbc.ua" nəşri yayıb.
 
Rubio bu qərarı "maskalanmış tiraniya" adlandıraraq tənqid edib. Onun fikrincə, Almaniya hakimiyyəti bu addımla dövlət təhlükəsizliyi" orqanlarını müxalifətə qarşı genişmiqyaslı nəzarət alətləri ilə təmin edib. "Əsl ekstremizm ölkədə ikinci yeri tutmuş və kifayət qədər populyar olan AfD deyil, açıq sərhədlər vasitəsilə həyata keçirilən ölümcül immiqrasiya siyasətidir. Almaniya kursunu dəyişməlidir", - Rubio "X" sosial şəbəkəsində yazıb.
 
Rubionun fikri Almaniyada hazırda hakimiyyətdə olan sol-sosialist hökumət nümayəndələri tərəfindən qəbul olunmayıb. Almaniya Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində cavab olaraq belə bir paylaşım edilib:
"Bu - demokratiyadır. Qərar bizim Konstitusiyamızı və hüququn aliliyini qorumağa yönəlmiş müstəqil və diqqətli araşdırmanın nəticəsidir. Son sözü müstəqil məhkəmələr deyəcək. Tariximiz bizə göstərib ki, sağçı ekstremizmin qarşısı vaxtında alınmalıdır".
 
Qeyd edək ki, Marko Rubio Avropa İttifaqı ölkələrindəki hökumətləri demokratik prinsiplərdən uzaqlaşdıqlarına görə tənqid edən yeganə ABŞ rəsmisi deyil. Daha öncə ABŞ vitse-prezidenti Ceyms Vens də 61-ci Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən belə deyib: "Məni Avropa ilə bağlı ən çox narahat edən təhlükə nə Rusiya, nə Çin, nə də hər hansı digər xarici aktordur. Məni daxildən gələn təhlükə düşündürür. Bu, Avropanın ABŞ-la ortaq olan fundamental dəyərlərdən uzaqlaşmasıdır".
 
Vens misal kimi Avropa İttifaqının sabiq adını çəkmədiyi bir rəsmisinin televiziya çıxışını göstərib. Həmin şəxs Rumıniyada seçki nəticələrinin ləğv olunmasından məmnun olduğunu bildirib və eynisinin Almaniyada da baş verə biləcəyi barədə xəbərdarlıq edib. Aradan cəmi iki ay keçib və artıq Vensin Münhendəki çıxışının öncəgörənlik xarakteri daşıdığına dair fikirlər yaranmağa başlayıb. Hələlik AfD-nin seçkilərdə iştirakına qadağa qoyulmayıb, lakin ekstremist təşkilat elan edilməsindən sonra bu addımın atılması real ehtimal kimi görünür.
 
Son illər sol-sosialist elita tərəfindən idarə olunan ölkələrdə demokratiyanın boğulması üçün eyni sxem tətbiq olunur. Belə ki, saxta cinayət işləri (Fransa, ABŞ, İtaliya, İsrail), namizədlərin məhkəmə yolu ilə kənarlaşdırılması (Rumıniya), partiyaların guya "konstitusiyaya zidd" olması barədə bilərəkdən yanlış rəy verilməsi (Almaniya) kimi hüquqi prosedurlar vasitəsilə xalq arasında populyar olan partiyalar və siyasətçilər "filtrdən keçirilir".
 
Bu ölkələrdə hüquqi sistem sol dövlət nomenklaturası ilə bir ideoloji blok kimi işləyir, real hakimiyyətə sol elita ilə əlaqəsi olmayan xalq nümayəndələrinin yol tapmasına imkan vermir və onların seçkilərdə iştirakını erkən mərhələdə əngəlləməyə çalışır.
Seçilən
0
moderator.az

1Mənbələr