"Atəşkəs varsa, onların bayramlarına görə yox, hər gün üçün olmalıdır..."
Prezident Vladimir Zelenski Rusiyanı riyakarlıqda ittiham edərək xatırladıb ki, Moskva 9 may üçün atəşkəs istəyir, amma hər gün Ukraynanın dinc şəhərlərini amansızcasına bombalayır.
Moderator.az xəbər verir ki, o, bu barədə özünün "Telegram-kanalı"nda yazıb.
Zelenski məlumat verib ki, gecə boyunca rusiyalılar Kiyev, Çerkassı, Xarkov, Nikolayiv və Kiyev vilayətlərinə hücum edib. Ümumilikdə, işğalçılar dinc şəhərlərə 165 pilotsuz uçuş aparatı (PUA) buraxıb. Səhərdən etibarən Donetsk və Sumı vilayətlərinə KAB-larla (aviabombalarla) zərbələr davam edir.
"Rusiyalılar 9 may üçün sükut istəyir, amma özləri hər gün Ukraynaya zərbə endirir. Bu, riyakarlığın ən yüksək həddidir...Real atəşkəs lazımdır. Ukrayna müharibəni dayandırmaq üçün istənilən gündən etibarən, amma ən azı bir ay müddətinə sükuta hazırdır. Sükut varsa, o, hər gün olmalıdır, atəşkəs varsa, onların bayramlarına görə yox, hər gün üçün olmalıdır, - Zelenski yazıb.
Prezident həmçinin Ukraynaya yardım göstərən və Rusiyaya təzyiq edən tərəfdaşlara təşəkkürünü bildirib.
9 mayda atəşkəslə bağlı bəlli olanlar
Xəbər verildiyi kimi, Putin "Böyük Vətən müharibəsində qələbənin 80 illiyi" münasibətilə "atəşkəs" elan edib. Xüsusilə, Putinin qərarına əsasən, 7 may saat 00:00-dan 11 may saat 00:00-dək Rusiya tərəfi atəşkəs elan edir. Moskva Ukraynanı xəbərdar edib ki, əgər bu atəşkəsə qoşulmasa, "effektiv cavab" veriləcək.
Ukrayna prezidenti Vladimir Zelenski bu təklifi rədd edib. O vurğulayıb ki, "Putinin təklif etdiyi qısamüddətli atəşkəs oyunlarında iştirak etmək istəmir". Prezident həmçinin əlavə edib ki, Ukrayna 9 mayda Moskvada olacaq dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.