AZ

“Əl-Əhli” Asiya Çempionlar Liqasını qazandı

2024/2025-ci illər mövsümü Asiya Çempionlar Liqasının final oyununda “Əl-Əhli” və “Kavsaki Frontale” komandaları üz-üzə gəliblər.

Arena.az məlumat verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərinin “Kral Abdullah İdman Şəhər Ştadionu”nda keçirilmiş həlledici oyun “Əl-Əhli”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Braziliyalı hücumçu Roberto Firminonun 35-ci və 41-də dəqiqələrdə verdiyi ötürmələri müvafiq olaraq həmvətəni, müdafiəçi Vanderson Qaleano və ivuarlı yarımmüdafiəçi Frank Kessye qola çeviriblər.
Bu, “Əl-Əhli”nin Asiya Çempionlar Liqasında ilk qənimətidir. Buna qədər, “Qənimətlər qalası” olaraq tanınan klub iki dəfə (1985/1986 və 2012) yarışın final oyunlarında məğlubiyyət acısı yaşamışdı.
Yaponiya təmsilçisi “Kavsaki Frontale” üçün isə bu, yarışın tarixində ilk finalı idi.

Yarışın cari mövsümünün ən sərrast qolçusu “Əl-Hilal”ın 33 yaşlı sol cinah hücumçusu Salim Əl-Davsari (Səudiyyə Ərəbistanı) olub – 10 qol.

Xatırladaq ki, Asiya Çempionlar Kubokunu ən çox qazanmış klub Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”dır. “Aypara” mötəbər qəniməti 4 dəfə (1991, 1999/2000, 2019, 2021 ) muzeyinə aparıb, həmçinin 5 dəfə (1986, 1987, 2014, 2017, 2022) finallarda məğlubiyyət acısı çəkib.

Seçilən
0
arena.az

1Mənbələr