“Mançester Siti”nin 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisi və kapitanı Kevin De Bröyne maraqlı statistikası ilə gündəmə gəlib.
Arena.az məlumat verir ki, veteran futbolçu “şəhərlilər”in baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiolanın məşqçilk karyerası ərzində ən səmərəli ikinci oyunçudur.
De Bröyne Qvardiolanın “Mançester Siti”ni çalışdırmağa başladığı 2016-cı ildən – 9 mövsümdür ki, “şəhərlilər”in düşərgəsindədir. Bu müddət ərzində belçikalı futbolçu “Pep”in rəhbərliyi altında 250 səmərəli fəaliyyətə imza atıb – 92 qol və 158 məhsuldar ötürmə.
Beləliklə De Bröyne Qvardiolanın məşqçilik karyerası ərzində “Barselona”da çalışdırdığı argentinalı ulduz hücumçu Lionel Messidən sonra ən səmərəli oyunçudur.
Xatırladaq ki, cari mövsümün başa çatması ilə De Bröyne azad agent qismində şəhərlilərin düşərgəsini tərk edəcək. Müvafiq qərarı klub rəhbərliyi verib. Bu məqam Kevinin özü üçün də gözləilməz olub, belə ki, belçikalı futbolçu hələ də yüksək səviyyədə oynamağa qadir olduğuna əmin idi və yeni müqaviləyə ümid edirdi.
Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqust ayında 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Yarımmüdafiəçi cari mövsümdə “Mançester Siti” üçün bütün yarışlarda 36 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Kevinin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 418 oyun, 108 qol və 177 məhsuldar ötürmədən ibarətdir.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 52 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.