Suriyada ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələri Suriya Ərəb Respublikasının şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağı ərazisindəki hərbi bazaya zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Məlumata görə, aviasiya Amerika hərbçilərinin evakuasiyadan əvvəl istifadə etdiyi infrastrukturu məhv edib.
Cümə günü Suriyanın "Al Watan" qəzeti xəbər verib ki, 200 hərbi maşından ibarət karvan ABŞ-nin Deyr əz-Zordakı iki hərbi bazasını tərk edərək İraqın şimalına istiqamət alıb. Onun məlumatına görə, ABŞ-nin böyük qrupdan ibarət hərbi qulluqçusu və texnikası Suriyanın şərqindəki Əl Ömər neft yatağı və Koniko qaz yatağı ərazisindəki obyektlərindən çıxarılıb. İraqdakı Amerika bazalarına köçürülən hərbçilərin sayı dəqiqləşdirilməyib.