Şənbə günü gecə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin Tbilisinin mərkəzində Boris Kuftin küçəsindəki evinin yaxınlığında atışma olub.
Publika.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, bu barədə Zurabişvili “Facebook” səhifəsində məlumat verib.
"Səhər saat 4:20-də Qudiaşvili parkının ərazisində və evimin qarşısında səs-küy eşidildi. 40 nəfərə yaxın qrup qışqırırdı, dalaşırdılar və sonda silahdan istifadə olundu (8 güllə, biri mənim həyətimə düşdü)", - Zurabişvili istintaqdan sonra hadisə yerindən fotoları dərc edib.
Gürcüstanın keçmiş prezidenti xatırladıb ki, 2024-cü ilin sonunda səlahiyyət müddəti başa çatdıqdan sonra hakim “Gürcü arzusu” partiyası onu dövlət himayəsindən məhrum edib. Bununla belə, o, baş verənlərin şəxsi təhdiddən kənara çıxdığını vurğulayıb.
“Dövlət təhlükəsizlik rejiminin ləğvinə heç bir reaksiya verməmişəm... Amma bu, artıq mənim təhlükəsizliyimlə bağlı deyil, bu, şəhərin təhlükəsizliyi məsələsidir. Bura şəhərin mərkəzidir, burada kafe və barlar gecə saatlarına qədər işləyir, gənclər gecələr gəzir, çoxlu sayda əcnəbilər olur, gecə reysləri ilə gələn turistlər otellərdə qeydiyyatdan keçirlər", - Zurabişvili əlavə edib.
Onun sözlərinə görə, polis hadisə yerinə yalnız səhər saat doqquzda gəlib.