“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Hər iki komanda oyunun dinamikasını artırmağa çalışırdı. Yaxşı rəqibə qarşı oynadıq. Komandam öz oyun stilindən əl çəkmək istəmirdi. Yaxşı hücumlar qururduq. Sadəcə olaraq, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Mövsümün sonudur. İnanıram ki, komandam qarşıdakı matçlarda daha inamlı və əzmkar oyunu ilə öz istəyinə çatacaq”.
Elmar Baxşıyev “Turan Tovuz”un ötən gün xal itirməsindən cəmi 1 xalla yararlanmalarına dair sualı da cavablandırıb:
“Rəqiblərimizin oyununa baxıb xoşbəxtlik axtarmaq fikrində deyiləm. Məni daha çox öz komandam düşündürür. Hər şeyi öz hesabımıza alındırmağa çalışacağıq”.
“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə heç-heçəyə belə şərh verib:
“Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Amma ikinci yarıda üstünlük bizim tərəfimizdə idi. Rəqibə daha çox təzyiq edirdik. Qollar vurmaq üçün şanslarımız oldu. Təəssüf ki, yenə heç-heçə etdik. Sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi”.