ABŞ Prezidenti Donald Trampın gözlənilməz xarici siyasəti və NATO-nu tənqid etməsi Birləşmiş Ştatların Avropadakı müttəfiqlərini öz altıncı nəsil döyüş təyyarələrinin inkişaf proqramlarını gücləndirməyə sövq edib.
“Report” xəbər verir ki, bu barədə “Newsweek” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ-nin F-35 tədarüklərinin etibarlılığına dair artan şübhələr Avropa ölkələrini Birləşmiş Ştatlardan asılılığını azaltmaq üçün alternativ həll yolları axtarmağa vadar edib.
“Avropalı NATO üzvləri indi qitənin rəhbərlik etdiyi altıncı nəsil qırıcı proqramlarında iştirak etmək üçün daha böyük həvəsə malikdirlər”, - məlumatda qeyd olunub.
Mərkəzi Avropanın anonim rəsmisi bildirib ki, bu proqramlarda iştirak etmək istəyən ölkələrin sayının artacağı gözlənilir. Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsbergis Trampın yenidən seçilməsindən sonra Avropanın altıncı nəsil döyüş təyyarəsinin yaradılmasına marağın artdığını təsdiqləyib: “Ümumavropa layihələri üzərində təzyiq artacaq, bu, dəqiqdir".