ŞAMAXI. 3 may. TELEQRAF
"Şamaxı" klubu aparıcı əcnəbi futbolçularını itirmə təhlükəsi ilə üzləşib.
Teleqraf-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov açıqlama verib.
44 yaşlı mütəxəssis gələn mövsümün büdcəsi hələ müəyyənləşmədiyindən, heyəti qorumaq üçün danışıqlara başlaya bilmədiklərini söyləyib: "Gözləyirik, tam rəsmi büdcə də bilinmir. Ən önəmlisi, sponsorsuz komandayıq, dövlətin ayırdığı pulla komandanı saxlamışıq. Gələn ilin büdcəsinə uyğun olaraq, futbolçularla danışmaq istəyirik. Yəqin ki, bunlar yaxın günlərdə bəlli olar. Bəzi futbolçularla müqaviləmiz var, bəziləri ilə başa çatır. Heyəti qorumaq çətindir. Bir baş məşqçi olaraq, komanda üçün yenidən seleksiyanın aparılması ağırdır. Ona görə də gözləyirik. Vəziyyət bir qədər yaxşı deyil. Legioner limitinin ləğvi komandamıza birbaşa təsir göstərəcək".
Bu mövsüm "Şamaxı"nın Premyer Liqada saxlamağın öhdəsindən gəldiklərini deyən Abbasov bildirib ki, növbəti mövsümə hazırlıq getməlidir: "Biz gecikirik. Digər tərəfdən, Premyer Liqaya yüksələn klubların rəsmi olmasa da, qeyri-rəsmi olaraq, bilirik ki, köməkləri var. Bizə bu kömək olmasa, fikirləşmək lazımdır, çox çətin olacaq".
O, portuqaliyalı qapıçı Rikardu Fernandeşlə yeni müqavilə imzaladıqları halda, digər legionerlərlə anlaşa bilməmələrinin səbəbini belə izah edib: "Bütün legionerlərlə danışıqlar aparırıq. Rikardu Fernandeş isə həqiqətən də komandanın əvəzolunmaz simasıdır. Başqa təklifləri var idi, amma peşəkar davrandı və onunla razılığa gələ bildik. Amma digər legionerlərin təklifləri var. Bu, bizimlə müqaviləsi davam edən Vladislav Veremeyev, Alfons Msanqa, Andrey Tirkoveanu kimi futbolçulara aid deyil. Leroy Mikels, Brahim Konate, Vasiliye Radenoviç, Vasiliye Bakiç kimi futbolçularımızın müqavilələri başa çatır. Büdcəmizi də nəzərə alaraq, düşündük ki, Fernandeş komandamıza lazımdır. Eyni zamanda, hansı məbləğə legionerlər gətirəcəyimiz də önəmlidir. Futbolçuların istədikləri məbləği də bilməliyik".
Qeyd edək ki, hazırda "Şamaxı" 36 xalla 6-cı yerdə gedir.