“Ermənistanda müstəqil mediaya təzyiqlər artır”.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Jurnalistlər Birliyinin rəhbəri Satik Seyranyan mayın 3-də qeyd olunan Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş şərhində deyib.
O, “ağ əlcəkli” adlandırdığı media mühitinin nümayəndələrini kəskin tənqid edib. S.Seyranyanın sözlərinə görə, bu insanlar ictimai şəkildə etika və söz azadlığını müzakirə edir, eyni zamanda, özləri də hakimiyyətlə sıx bağlıdırlar və maliyyə mənbələrini açıqlamırlar. O qeyd edib ki, USAİD-in dəstəyi dayandırıldıqdan sonra ilk olaraq həmin jurnalistlər narahatlığını ifadə ediblər.
Təşkilat rəhbərinin sözlərinə görə, seçkilər ərəfəsində ölkədəki vəziyyət jurnalistlərdən xüsusilə diqqətli olmağı tələb edir, çünki hakimiyyət təzyiqləri daha da artacaq: “Xaricdən maliyyələşmənin azalması fonunda hakimiyyət özəl medianı dəstəkləmək üçün öz fondunu yaratmağa, bununla da informasiya sahəsinə nəzarəti gücləndirməyə başlayıb".
O, həmkarlarını təzyiqlərdən qorxmamağa, açıq fəaliyyət göstərməyə və hüquqlarını təkbaşına müdafiə etməli olacaqlarına hazır olmağa çağırıb.
S.Seyranyan Ermənistanın mətbuat azadlığı baxımından mövqeyini yaxşılaşdırdığı iddia edilən beynəlxalq reytinqlərin məlumatlarını da şübhə altına alıb: “Sərhədsiz Reportyorlar" kimi təşkilatlara kimin hansı məlumatları təqdim etdiyini anlamaq vacibdir. Bizim təcrübəmiz və Avropa strukturları ilə qarşılıqlı əlaqəmiz bunun əksini göstərir", - o vurğulayıb. S.Seyranyan xatırladıb ki, Jurnalistlər Birliyi mətbuat işçilərinin hüquqlarının pozulması ilə bağlı dəfələrlə bəyanatlar verib və bu müraciətlər beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənib.
Onun sözlərinə görə, ölkədə uzun illərdir kənardan maliyyələşən və faktiki olaraq hakimiyyətin maraqlarına xidmət edən KİV var. Məhz bu KİV təzyiq, senzura və fiziki zorakılıq faktlarına məhəl qoymadan beynəlxalq hesabatlarda əlverişli imic yaradırlar.
S.Seyranyan xatırladıb ki, jurnalist ictimaiyyətinin ixtiyarında çoxsaylı videosübutlar parlamentin sədri Alen Simonyanın göstərişi ilə Ermənistan parlamentində qadın jurnalistə hücum, eləcə də hökumətyönlü deputatların media nümayəndələri ilə mütəmadi olaraq kobud rəftarına dair videosübutlar var: “Lakin beynəlxalq qiymətləndirmələr çox vaxt baş verənlərə görə günahı jurnalistlərin üzərinə qoyur. “Təzyiqlər, təhdidlər, təhqirlər şəraitində söz azadlığının artırılmasından doğrudanmı danışmaq olar?”.
O, sonda bildirib ki, ölkədə işlək iqtisadiyyat və real bazar olmayana qədər, medianın real azadlığından danışmağın mənası yoxdur: “Hazırkı hakimiyyət media məkanını asılı strukturlar və “rahat” kanallar vasitəsilə idarə etməyi yaxşı bilir”.