AZ

Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...


Xaqani Cəfərli: "Azərbaycanın Rusiyadan iqtisadi və logistik asılılığının olmaması Bakıya təsir vasitələrinin ən aşağı səviyyəyə düşməsinə səbəb olub"

Qarabağ cinayətkarı Vitali Balasanyan Böyük Vətən Müharibəsində "Artsax" iştirakçıları nəsli adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciətində yazır: "Ümid edirik ki, sizin vasitəçiliyinizlə Dağlıq Qarabağ erməniləri öz tarixi vətənlərinə qayıda biləcəklər”.

Ümumiyyətlə, Qarabağ ermənilərinin geri qayıtması üçün Putin nəsə edə bilərmi? Ermənilər Qarabağı öz iradələri ilə tərk ediblərsə, Putinin və ya Rusiyanın onların geri qaytarılmasında nə qədər rolu ola bilər? Bu məsələni ermənilərin Putinin qarşısında qaldırmasının səbəbi nədir, bu hansı mənanı daşıyır?

Bu yerdə onu da nəzərə almaq yerinə düşər ki, Rusiya ilə Azərbaycan arasında da rəsmi Bakıdan asılı olmayan səbəblərdən sərinlik var. "Rus Evi", "Sputnik" bağlanıb, Rusiyanın Azərbaycanda fəaliyyət göstərən kiber-casus şəbəkəsi ifşa edilib. Belə bir şəraitdə Ermənistanın Rusiyaya bu tip müraciəti təsadüfə də oxşamır...

Baki-xeber.com-a məsələ ilə bağlı açıqlama verən politoloq Xaqani Cəfərli bildirdi ki, Qarabağda azərbaycanlılara qarşı çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlərin törədilməsində iştirak etmiş Vitali Balasanyanın Böyük Vətən Müharibəsində uydurma “Artsax” iştirakçıları nəsli adından Rusiya prezidenti Vladimir Putinə müraciət edərək artıq mövcud olmayan Dağlıq Qarabağın erməni əhalisinin “öz tarixi vətənlərinə” qayıtmasına yardım etməsini xahiş etməsi təsadüfi hadisə deyil: "Balasanyanın Putinə müraciətinin arxasında Kremlin istəyinin dayandığı şübhəsizdir. Rusiyanın Azərbaycana qarşı “erməni kartı”ndan başqa ciddi bir təsir aləti yoxdur. Azərbaycanın Rusiyadan iqtisadi və logistik asılılığının olmaması Bakıya təsir vasitələrinin ən aşağı səviyyəyə düşməsinə səbəb olub. Ukraynada hərbi-siyasi uğursuzluq Rusiyanın Azərbaycana qarşı hərbi-siyasi təzyiq etməsinə imkan vermir. Belə bir şəraitdə yeganə təzyiq elementi kimi “erməni kartı” qalır. Ermənistandakı revanşist qüvvələrin də arxasında Rusiya dayanır.

Rusiyanın Azərbaycana qarşı “erməni kartı”nı zərərsizləşdirmək üçün Ukraynanın ərazi bütövlüyü, Rusiyanın əsarətindəki əsir xalqların öz müqəddəratlarını təyin etmə hüququnun tanınmasına yardım istiqamətində addımlar atılmalıdır. Rusiya ilə Moskvanın anlayacağı dildə danışmağın vaxtı çatıb. Əks halda Rusiya “erməni kartı”nı dövriyyədən çıxarmayacaq".

Akif NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr