AZ

Xosep Qvardiola: “Mən fasilə götürəcəyəm”

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola “şəhərlilər”lə müqavilə müddətinin başa çataması ilə fasilə götürəcək.

Arena.az ESPN şəbəkəsinin Braziliya şöbəsinə istinadən məlumat verir ki, Qvardiola özü bu barədə açıqlama verib:

“Mən istəyirəm ki, insanlar məni, məni görmək istədikləri kimi yadda saxlasınlar. “Mançester Siti” ilə müqavilə müddətim başa çatdıqdan sonra, mən fasilə götürmək fikrindəyəm. Buna əminəm. Bilmirəm, təqaüdə çıxacağammı, amma fasilə etmək niyyətindəyəm. İnsanların yaddaşlarında necə qalmaq istədiyimi bilmirəm.

Bütün məşqçilər qalib gəlmək və özlərindən sonra nəsə nəzərəçarpacaq bir xüsus qoymaq istəyirlər. Hesab edirəm ki, “Barselona”, “Bayern” və “Mançester Siti” azarkeşlərinə, mənim komandalarımın necə oynadığını görmək maraqlı idi. Düşünmürəm ki, biz, xatırlanacağıqmı, deyə düşünərək yaşamalıyıq”, deyə “Pep” vurğulayıb.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 496 oyun keçiriblər, 361 qələbə qazanıblar, 62 heç-heçə ediblər, 73 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1247:459 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdırıb, bu komandaların hər birinə çoxlu qənimətlər qazandırıb.

“Pep” 3 dəfə dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb – “Barselona”nın (2008, 2010) və “Mançester Siti”nin (2022/2023) sükanları arxasında ikən.

35 oyundan 64 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlinin 3-cü pilləsində qərarlaşıb.

Seçilən
0
arena.az

1Mənbələr