"Burada bir "Mtavari" olub. Bizə baxdığınız üçün təşəkkür edirik! Ən vacibi sizsiniz..."
Müstəqil Gürcüstanın "Mtavari" müstəqil telekanalı efir yayımını tamamilə dayandırdığını elan edib.
Moderator.az xəbər verir ki, bu barədə telekanalın rəhbərliyi "Facebook"da açıqlama yayıb. Məlumatı " currenttime.tv" nəşri yayıb.
"Beş il səkkiz ay ərzində burada əsas olan siz idiniz- bizim auditoriyamız, Gürcüstan cəmiyyəti və bizi birləşdirən dəyərlər, - bəyanatda deylir. - Bizi elə şəxslər məhv etdi ki, vaxtilə bu keçilməz divarların qurulmasında bizə kömək edib. Təsisçilərimizdən biri şəxsi məqsədlər və ya intiqam hissi ilə "Mtavari"ni bağlanma nöqtəsinə gətirib və bununla da Rusiya rejiminə böyük xidmət göstərib".
Fevralın ortalarından etibarən "Mtavari"də xəbər və siyasi verilişlərin yayımı dayandırılıb, yalnız sayt və sosial şəbəkə səhifələrində xəbərlər paylaşılıb. Aprelin 28-də kanalın əməkdaşları baş direktor Georgi Qabuniyadan mayın 1-dən etibarən yayımın tam dayandırılacağı barədə bildiriş alıb.
"Bizim əsas vəzifəmiz başqalarının susduğu mövzulardan danışmaq olub. Bizi izləyən və bizə güvənən hər kəsə təşəkkür edirik", - "Mtavari"nin jurnalisti İrakli Baxtadze deyib.
"Dəqiq deyə bilərəm ki, biz ən möhtəşəm kanalı yaratmağa nail olduq! Hər bir əməkdaş sağlamlığını və həyatını riskə ataraq "Mtavari" üçün əlindən gələni edib", - onun həmkarı Tatiya Tsotsonava vurğulayıb.
"Mtavari" telekanalı 2019-cu ildə "Rustavi 2" kanalının keçmiş jurnalist və media menecerləri tərəfindən yaradılıb. 2019-cu ilə qədər "Rustavi 2" Gürcüstanda ən böyük müxalif telekanal sayılıb. Rəhbərlik dəyişdikdən sonra onun redaksiya siyasəti də dəyişib.
Həmin vaxtdan "Rustavi 2" hökumətyönlü kanal kimi tanınmağa başlayıb, bununla razılaşmayan əməkdaşlar isə "Mtavari"yə keçib. Yeni telekanalın təsisçisi "Rustavi 2"nin sabiq baş direktoru və müxalif siyasətçi Nika Qvaramiya olub.
2020-ci ilin mayında Qvaramiya və Kaxaber Ancaparidze öz paylarının 40 faizini iş adamı Zaza Okuaşvilinin təsis etdiyi şirkətlərə ötürüb. 2024-cü ilin fevralında Qvaramiya payının 12 faizini həyat yoldaşına verərək baş direktor vəzifəsindən ayrılıb. Bundan sonra telekanala Georgi Qabuniya rəhbərlik etməyə başlayıb.
Qabuniya daha sonra direktorların biri Zaza Okuaşvilinin nümayəndəsi Qoqa Kurdadzeni süni maliyyə böhranı yaratmaqda ittiham edib. Yanvarın 27-də yayımlanan bəyanatda telekanalın rəhbərliyi bildirib ki, Okuaşvili "Rusiya rejiminə xas olan yolu sistemli şəkildə izləyir" və şirkəti bağlanmaya aparır.