"Humanitar yardımın çatdırılması bir neçə humanitar təşkilat tərəfindən yaradılmış beynəlxalq fond vasitəsilə həyata keçiriləcək..."
ABŞ, İsrail və hələlik adı açıqlanmayan yeni beynəlxalq fondun nümayəndələri Qəzza bölgəsində yaşayan əhaliyə humanitar yardımın HƏMAS-ın nəzarətindən yan keçməklə çatdırılmasını bərpa etmək barədə razılığa gəlməyə yaxındır.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı planla tanış olan iki yüksək rütbəli israilli və bir amerikalı mənbəyə istinadən yazır. Məlumatı "smotrim.ru" nəşri yayıb.
"Bu mexanizm yardıma ehtiyacı olan insanlara kömək göstərilməsini prinsiplərimizə uyğun təmin edəcək və yardımların HƏMAS və "İslami-Cihad" kimi terror qruplaşmaları tərəfindən mənimsənilməsi, talan olunması və ya başqa məqsədlə istifadəsinin qarşısını almaq üçün zəmanət yaradacaq", - ABŞ Dövlət Departamentinin nümayəndəsi portala bildirib.
Portalın qeyd etdiyinə görə, hazırlanmaqda olan razılaşmaya əsasən, ərzaq və dərman çatdırılması bir neçə humanitar təşkilat tərəfindən yaradılmış beynəlxalq fond vasitəsilə həyata keçiriləcək. Fondun məsləhətçi şurasında nüfuzlu beynəlxalq simalar yer alacaq. Tərəflər hazırda fondun fəaliyyətini, o cümlədən humanitar yardımın alınmasını maliyyələşdirəcək donor ölkələrlə fəal danışıqlar aparır.
Nəşr xatırladır ki, iki ay öncə atəşkəs razılaşması pozulduqdan sonra İsrail Qəzza bölgəsinə bütün humanitar yardımı- ərzaq, su və dərman tədarükünü dayandırıb. Bu isə humanitar böhranı daha da ağırlaşdırıb. BMT-nin yardım agentlikləri bildirir ki, Qəzzada ərzaq ehtiyatları bir neçə gün ərzində tükənə bilər. İsrailin məlumatına görə isə bu, üç-dörd həftəyə baş verə bilər.
Eyni zamanda ABŞ prezidenti Donald Tramp bazar günü, aprelin 27-də İsrai baş naziri Benyamin Netanyahu ilə danışaraq ona Qəzza bölgəsinə ərzaq və dərman buraxılışına icazə verməyi qətiyyətlə tövsiyə etdiyini bəyan edib.
İsrailin məlumatına əsasən, əvvəlki atəşkəs dövründə HƏMAS Qəzzaya daxil olan humanitar yardımın əksəriyyətinə nəzarət etməyə nail olub və onun satışından əldə edilən milyonlarla dolları hərbi qanadının döyüşçülərinə maaş kimi ödəyib.
Nəşrin yazdığına görə, İsrail rəsmiləri bu yeni yardım mexanizminin, girovlarla bağlı danışıqlarda irəliləyiş əldə olunmasa və mayda gözlənilən quru əməliyyatı başlanmazdan öncə işə salınmasını istəyir.
ABŞ və İsrail həmçinin istəyir ki, yeni yardım sistemi ABŞ prezidenti Donald Trampın gözlənilən Yaxın Şərq səfəri ərəfəsində artıq hazır olsun. Daha öncə məlumat verildiyi kimi, Tramp mayın 13-də Səudiyyə Ərəbistanına səfər edəcək, oradan isə Qətər və BƏƏ-yə yollanacaq. "Axios"un yazdığına görə, hələlik onun bu səfər çərçivəsində İsrailə baş çəkəcəyi barədə məlumat yoxdur.
Daha öncə "The Wall Street Journal" nəşri yazıb ki, İsrail rəhbərliyi Qəzza bölgəsinə humanitar yardımın bərpası imkanını müzakirə edir. Mənbələrin qəzetə verdiyi məlumata görə, blokadanın başladığı ay yarımdan sonra yardım yüklərinin yenidən göndərilməsi bir neçə həftə ərzində baş verə bilər.