Türkiyə Şimali Kiprin investiyaların qoyulduğu adaya çevrilməsini istəyir.
Bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.
"Şimali Kiprdəki insanların investisiya sahəsində addımlarını məhdudlaşdırmağa çalışanlar var. Şimali Kiprin qarşısını təcridlərlə, embarqolarla almağa çalışırlar. İstehsal etdiyimiz malların tədarükünü məhdudlaşdıra biləcəklərini düşünürlər. Amma buranı investisiyalar üçün münbit şəraitin olduğu adaya çevirdiyimizdə haqsız embarqoların, məhdudiyyətlərin nə qədər mənasız olduğunu bütün dünyaya göstərəcəyik", - o vurğulayıb.
Nazir əlavə edib ki, bu məqsədlərə çatmaq üçün insan resursları mühüm əhəmiyyət kəsb edir: "Məhz bu “Technofest” buradakı uşaqların, gənclərin texnologiya sahəsinə olan marağını artırır, Şimali Kiprə özgüvən aşılayır".