BAKI, 3 may. TELEQRAF
"Türk Dövlətləri Təşkilatı təkcə regional platforma deyil, həm də strateji baxışın, ümumi gələcəyə inamın və həmrəylik ruhunun təzahürüdür".
Teleqrad xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Heydər Əliyev Mərkəzində baş tutan 3 may Türkçülük Günü münasibətilə "Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi" adlı panel iclasda deyib.
"Türkiyə olaraq Türk Dövlətlər Təşkilatını 21-ci əsrin yüksələn əməkdaşlıq modeli kimi görürük. Bu kontekstdə biz siyasi həmrəylikdən ticarətin asanlaşdırılmasına, enerji təhlükəsizliyindən rəqəmsal transformasiyaya, təhsildən mədəniyyət diplomatiyasına qədər geniş spektrli ümumi məqsədlərə doğru çalışırıq. Biz münaqişənin deyil, sabitliyin bərqərar olduğu regionun qurulmasına inanırıq. Türkiyə bu anlayışla Türk Dünyasının institusional potensialını artırmaq, regional inteqrasiyanı dərinləşdirmək və qlobal problemlərə ortaq həll yolları hazırlamaq əzmindədir. Elm və texnologiyadan tutmuş təhsil və gənclər siyasətinə, rəqəmsal transformasiyadan enerji əməkdaşlığına qədər geniş sahələr üzrə ümumi strategiyaların hazırlanması vacibdir. Bu çərçivədə Türkiyə universitetləri arasında tələbə və akademik hərəkətliliyi artıran ikitərəfli və çoxtərəfli protokollar, ortaq araşdırma mərkəzlərinin yaradılması, ortaq kurs materiallarının və rəqəmsal məzmunun hazırlanması kimi təşəbbüslərə öncülük edilməlidir",-deyə B.Akgün deyib.