AZ

İlk dəfə çempion olan "Traktor" haqqında bilmədikləriniz - VİDEO

Xəbər verdiyimiz kimi, Təbrizin “Traktor” klubu ötən gün İran Pro Liqasında rəqibi “Şəms Azar”ı 4:0 məğlub edərək ilk dəfə çempion olub.

Ölkə.Az "Traktor" haqqında məlumatları təqdim edir:

Komanda 1970-ci ildə Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində yaradılıb. Elə adını da burdan götürüb. İngiliscə "Tractor" sözünə təbrizlilər öz ləhcələrində "Tirəxtur" və ya "Traxtur" deyirlər. 

2011-ci ildən müstəqil klubdur.

Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirib.

1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəlib.

1978-ci ildə İranda ilk dəfə keçirilən Federasiya çempionatında ikinci yeri qazanıb.

İran islam inqilabı və İran-İraq müharibəsi səbəbi ilə 1979-cu ildən 1988-ci ilədək İran futbol liqası bağlandığı üçün "Traktor" Təbriz liqasında oynayırdı. 

1992-ci ildə İranın "Azadeqan" adlı birinci divizionunda 3-cü, 1994-cü ildə isə komanda yenidən İranın Federasiya çempionatında (cami-hazfi) ikinci yeri qazanıb.

2001/02 mövsümünda İranın yüksək liqasında sonuncu olan "Traktor" 7 il birinci divizionda qalır və yüksək liqaya yüksələ bilmir.

Komandanın yüksək liqaya qayıdışı yalnız 2008/09 mövsümündə Fəraz Kəmalvəndin baş məşqçiliyi dövrünə təsadüf edir.

"Traktor" azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. 2009/10-dan sonrakı mövsümlərdə hər ildir ardıcıl olaraq ən çox tamaşaçısı olan komanda seçilib.

Klubun prezidentinin dediklərinə görə, 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olub.
Hazırda bu klub İranda yaşayan Azərbaycan türklərinin kimlik mübarizəsinin simvollarından birinə çevrilib. Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Təkcə əhalisinin 97% qədəri Azərbaycan türkləri olan Təbrizdə deyil, paytaxt Tehran da daxil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. 

İranda futbol stadionuna tamaşaçı toplamaq rekordu da "Traktor"a məxsusdur. 
Belə ki, İran yüksək liqasının oyunları çərçivəsində "Traktor"un  "Muqavimət Sipası" komandası ilə qarşılaşması zamanı baş oyuna stadionun tutumundan daha artıq azarkeş gəlib. Bəzi mənbələrə görə, sayı 110–150 min arası olan bu azarkeşlər öz doğma komandalarına hətta ətrafdakı təpələrin üzərinə çıxaraq azarkeşlik ediblər. 

2011-ci ildə də "Traktor" və "Sepahan" arasındakı oyuna baxmağa gələn azarkeşlərin sayı stadionun tutumundan çox olub və oyunun başlanmasına bir neçə saat qalmış Təbrizin radio və televiziyası azarkeşlərə stadionda boş yer olmadığına görə ora getməməyi məsləhət görüb. 

"Traktor" İran milli futbol çempionatının yüksək liqasının 2010–2011-ci il mövsümündə ən güclü azarkeş dəstəyinə malik komandası olub. Orta hesabla, Təbrizin Səhənd stadionuna bu komandanın hər oyununa tamaşa etmək üçün 60 min azarkeş toplaşır.

İranda qadınlara futbol oyunlarına tamaşa etmək üçün stadiona getmək qadağandır. Ancaq klubun qadın azarkeşləri sevimli komandalarının oyunlarına stadion ətrafındakı təpələrin üzərinə çıxaraq tamaşa ediblər. Amma bu ənənənin digər şəhərlərdə də yayılacağından təşvişə düşən polis bir neçə qadın azarkeşi həbs edib və onlardan bir daha futbol oyunlarına baxmaq üçün ətraf təpələrə qalxmayacaqları haqqında iltizam alındıqdan sonra azad buraxılıblar.

"Traktor" azarkeşləri tez-tez "Yaşasın Azərbaycan", "Azərbaycan var olsun, İstəməyən xar olsun!", "Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!" kimi bəzi şüarlar səsləndirirlər.

"Traktor" azarkeşləri həm Cənubi Azərbaycanın, həm də Azərbaycan Respublikasının problemlərini öz problemləri sayırlar. Əgər komandanın keçirdiyi oyunlar Qarabağda baş vermiş soyqırımı günləri ilə üst-üstə düşürsə, şəhidlərin xatirəsi şüarlarla mütləq yad edilir.

"Traktor" azarkeşləri "Urmiya" gölünün get-gedə qurumasına da tez-tez diqqət çəkirlər.

Komanda İranda özünəməxsus marş və mahnıları olan ilk futbol klubudur. 

Billurə

Seçilən
0
50
olke.az

10Mənbələr