Marneulidə yaşayan soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə vətəndaşlara təmənnasız hüquqi yardım göstərilib.
Aksiya, “Azərbaycan Evi” ilə “Qanun" Hüquqi Yardım Mərkəzi arasında imzalanmış memorandum əsasında həyata keçirilib.
2025-ci il aprelin 26-da baş tutan hüquqi qəbulda mərkəzin rəhbəri, vəkil Əli Bədirov və hüquqşünas Şamil Şamilov əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli sakinlərini qəbul ediblər. Ümumilikdə on ikinci qəbul günündə 6 nəfər Gürcüstan vətəndaşı dinlənilib.
Qəbul zamanı vətəndaşların ədliyyə orqanlarına hüquqi prosedurların təmin olunması, ailə və məişət zorakılığı, məhkəmə proseslərinin sürətləndirilməsi, mülkiyyət və torpaq məsələləri, eləcə də qanunsuz cərimələrin ləğvi kimi müxtəlif problemləri ilə bağlı ərizələr hazırlanaraq müvafiq dövlət qurumlarına – Gürcüstan Prezidenti, Baş Prokurorluq və məhkəmə-hüquq orqanlarının elektron ünvanlarına göndərilib.
Qəbul günlərinin davam etdiriləcəyi və soydaşlarımızın bu xidmətdən faydalana biləcəyi bildirilib. Qəbula yazılmaq istəyənlər +995 599 10 96 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Bu təşəbbüs Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və hüquqi maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.