Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
Operativ Media xəbər verir ki, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev də Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində iclasda iştirak edib.
Azərbaycanın 30-a yaxın dövlət qurumunun təmsil olunduğu iclasda 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib. İqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası üzrə Böyük Britaniya ilə maliyyə və peşəkar xidmətlər, texnologiya, süni intellektin tətbiqi, kiçik və orta sahibkarlıq fəaliyyətinin təşviqi, kibertəhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları dəyərləndirilərək, mümkün istiqamətlər müəyyənləşdirilib.
Yekunda, Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Protokolda gənclər və idman sahəsində əməkdaşlığı özündə ehtiva edən bənd yer alıb.