İtaliya A Seriyanın 35-ci turunun “Torino” – “Venesiya” oyununda xoşagəlməz hadisə yaşanıb və xoşbəxt sonluqla ötüşüb.
Arena.az məlumat verir ki, Turin təmsilçisinin baş məşqçisi, 52 yaşlı italyan mütəxəssis Paolo Vanoli bir neçə saniyəlik müddət ərzində özündən gedib.
Huşunu itirmiş mütəxəssis ot örtüyü üzərinə sərilib. Hadisə oyunun 77-ci dəqiqəsində, “öküzlər”in lehinə penalti zərbəsi təyin edildikdən sonra baş verib. İtalyan mütəxəssis komandasının 30 yaşlı çilili mərkəz müdafiəçisi Gilyermo Maripana yaxınlaşaraq, göstərişlərini vermək istəyib, amma özünü pis hiss edib və huşunu itirərək yerə dəyib. Yıxıldıqdan bir neçə saniyə sonra Vanoli özündə güc taparaq ayağa qalxmağa müvəffəq olub. Mütəxəssisə dərhal təcili tibbi yardım göstərilib.
“La Repubblica” dərgisinin məlumatına görə, bu xoşagəlməz hadisə Vanolini duyğusal gərginlik səbəbilə təzyiq vurması nəticəsində yaşanmış ola bilər.
Hazırda yaşlı mütəxəssisin səhhəti qaydasında, həyatı isə təhlükəsizlikdədir.
Xatırladaq ki,“Torino” – “Venesiya” matçında qalib müəyyənləşməyib – 1:1.