Oksford Kral Məhkəməsi BMT-nin hakimi Lidiya Muqambeni həmyerlisini öz qulluqçusu olmağa və uşaqlarına baxmağa məcbur etdiyinə görə 6 il 4 ay həbs cəzasına məhkum edib. Uqanda Ali Məhkəməsinin də hakimi olan Muqambe peşman olduğunu bildirməyib və günahı zərərçəkmişin üzərinə atmağa çalışıb.
Publika.az xəbər verir ki, bu barədə"The Guardian" məlumat yayıb.
50 yaşlı Muqambe Böyük Britaniyanın immiqrasiya qanununu pozmaq üçün sui-qəsddə, istismar məqsədi ilə səyahət təşkil etməkdə, məcburi əmək və şahidi qorxutmağa cəhddə ittiham olunub. Hətta o, Oksford Universitetində hüquq üzrə doktoranturada oxuyarkən həmyerlisinin azadlığını məhdudlaşdırıb.
Adı açıqlanmayan qurban, təhlükəsizliyindən qorxduğu üçün Uqandaya qayıda bilməyəcəyini söyləyib. O, anasını bir daha görməyəcəyini də bildirib. Qurbana öz ölkəsində təqib olunacağından əsaslı qorxduğu üçün Böyük Britaniyada sığınacaq verilib.