“Boeing” şirkəti Lot 2 sifarişi çərçivəsində istehsal etdiyi ilk F-15EX “Eagle II” qırıcısını ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Boeing” şirkəti məlumat yayıb.
Qeyd edək ki, bu ilin martında sözügedən qırıcının istehsaldan sonra ilk uçuş sınağı keçirilib.
F-15EX “Eagle II” qırıcısı Qətər üçün yaradılmış F-15QA “Ababil” təyyarəsinin ixrac versiyası bazasında hazırlanıb. Qırıcı baza F-15E “Strike Eagle” təyyarəsindən yenidən işlənmiş qanad konstruksiyası və 20 min saata qədər artırılmış xidmət müddəti ilə fərqlənir. Təyyarə həmçinin 2,5 Mach-a (2655 km/saata) qədər maksimal sürət və təxminən 1300 kilometr döyüş radiusunu təmin edən General Electric F110-GE-129 mühərrikləri ilə təchiz edilib.
Qırıcının əməliyyat tavanı 18288 metrə çatır. Böyük və güclü turbopərvanəli mühərrikləri sayəsində F-15EX təyyarəsi saniyədə 250 metr sürətlə yüksəkliyə qalxa bilir. Təyyarənin gövdəsi +9G yüklənmə üçün nəzərdə tutulub.
Yeni mühərrik eyni zamanda 12 ədədə qədər “hava-hava” sinif raketi daşıya bilən təyyarənin döyüş yükünü artırmağa imkan verib. Təyyarənin maksimal qalxma kütləsi 36.7 tondur.
F-15EX “Eagle II” təyyarəsinin yenilənmiş bort avadanlığı pilotların məlumatlılığını yaxşılaşdırmaq üçün təyyarənin sensorlarından gələn məlumatları sürətlə emal edən “Advanced Display Core Processor II” kompüteri tərəfindən idarə olunur.