Əvvəlki tədqiqatlar göstərirdi ki, müntəzəm qəhvə istehlakı bədəndə iltihabı azaldır və idrak funksiyasını yaxşılaşdırmağa kömək edir. İndi isə məlum olub ki, qəhvə, həm də yaşa bağlı zəifliyə qarşı profilaktik məhsul kimi də özünü göstərir.
Bizim.Media xəbər verir ki, tədqiqat LASA-nın araşdırma layihəsinin bir hissəsi kimi aparılıb.
Araşdırma 55 və daha yuxarı yaşda olan 1200-ə yaxın insanın yeddi illik müşahidə müddətini əhatə edib.
Zəifliyin simptomlarına çəki itkisi, fiziki zəiflik, yorğunluq, yavaş yeriş sürəti və aşağı fiziki fəaliyyət daxildir. Müşahidələrin nəticələri göstərib ki, daha çox qəhvə içənlərin yaşa bağlı həyati enerjinin azalması və ümumi zəiflik problemi bu içkini içməyənlərə nisbətən daha az olur. Bunun səbəbi qəhvənin antioksidant xüsusiyyətləri ola bilər ki, bu da iltihabı azaltmağa, sarkopeniyanı (əzələ itkisini) yavaşlatmağa və əzələ zədələnməsinin qarşısını almağa kömək edə bilər.
Bundan əlavə, qəhvə yaşlı insanlar üçün xüsusi əhəmiyyət kəsb edən insulin həssaslığının və qlükoza udulmasının tənzimlənməsini yaxşılaşdıra bilər.
Surxay Atakişiyev, Bizim.Media