Prezidenti Vladimir Putin Rusiyada miqrantlara hüquqi statuslarının nizama salınması üçün verilən müddəti 133 gün uzadan sərəncam imzalayıb. Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.
Bu qərar soydaşlarımıza necə təsir edəcək?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Millət vəkili Arzuxan Əlizadə deyib ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyada yaşayan miqrantların hüquqi statusu ilə bağlı əvvəl mövcud olmuş qərarın müddətinin uzadılması ilə bağlı sərəncam imzalayıb:
“Həmin sərəncama müvafiq olaraq Rusiyada yaşayan miqrantların hüquqi statuslarının nizamlanması üçün sentyabrın 10-dək əlavə vaxt verilib. Məsələ burasındadır ki, Rusiyada bundan əvvəlki dövrdə mövcud olmuş reallıqlar kontekstində sənədləri yerində olmayan, qeydiyyatdan keçməyən, qeydiyyatla bağlı müəyyən problemləri olan miqrantların sayı kifayət qədər çoxdur.
Rusiya Prezidenti bu addımı atmaqla ölkə daxilində təhlükəsizlik tədbirləri kontekstində həmin şəxslərin qeydiyyata alınmasını hədəfləyirdi. Amma reallıqlar ortaya fərqli mənzərə qoyub. Ona görə də bu reallıqlarla barışan Rusiya höküməti bu addımı atıb.
Rusiyada miqrantlara çox böyük ehtiyac var.
Miqrantlar ucuz işçi qüvvəsi olaraq ən ağır sahələrdə çalışırlar. Ona görə də miqrantların ölkədən çıxarılması hökumətə sərf eləmir. Lakin daxili təhlükəsizlik üçün miqrantların filtirdən keçirilməsi vacibdir.
Yəqin ki, yaxın 4 ayda miqrantlarla bağlı qaydalar bir qədər yumşaldılacaq. Çünki hazırkı tələblər miqrantların böyük bir hissəsi üçün icrası çətin olan prodsedurdur. Yəqin ki, sentyabrın 10-dan sonra qaydalarda bir qədər liberallaşma olacaq”.
Müsahibimiz deyir ki, proseslərin gedişində bizim üçün vacib olan Rusiyadakı soydaşlarımızn vəziyyətidir:
“Verilən məlumatlar da ondan ibarətdir ki, azərbaycanlı miqrantların qeydiyyatı üçün elə də ciddi bir problem yoxdur. Amma istisnalar da var. Qeydiyyat məsələsində problemi olan soydaşlarımızla bağlı Rusiyadakı müvafiq qurumlarımız zəruri hüquqi addımlar atır.
Müvafiq qurumlar edilən müraciətlər fonunda soydaşlarımızın sənədlərinin nizama salınması üçün lazımi tədbirlər görür. Təbii ki, Rusiya dövlətinin yeni qərarı sənədləri qaydasında olmayan soydaşlarımıza və müvafiq qurumlara imkan verəcək ki, yaxın 4 ayda problemləri yoluna qoysunlar”.
Surxay Atakişiyev, Bizim.Media