“Mətbuat əsirliyini o şəxslər müdafiə edə bilərlər ki, onların həyat hadisələrindən və bu hadisələrin necəliyindən xəbərləri olmasın, yaxud xəbərləri olsa da, şəxsi mənfəətləri naminə ədalət və hüququ tapdalasınlar...”- M.Ə. Rəsulzadə
“Mən mətbuatın üzərinə hər hansı qadağanlar qoyulmasının əleyhinəyəm. Azad mətbuat olmayan ölkədə heç bir demokratik cəmiyyət qurmaq olmaz...”-Əbülfəz Elçibəy
“Azərbaycanda fikir, söz azadlığı, plüralizmdir...”- Heydər Əliyev
“Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur..." – İlham Əliyev
“Əgər bir ölkədə jurnalistin kiçik bir haqlı tənqidi, yaxud satirik yazısı hər hansı bir kiçik və ya yüksək vəzifəli məmurun qəzəbinə səbəb olursa və o həmin jurnalisti əlindəki bütün səlahiyyət, imkan və vasitələrlə təqib, təzyiq, repressiyalara, həbslərə məruz qoyursa və belə hallar kütləvi baş verirsə, o ölkədə heç bir söz, mətbuat, ümumiyyətlə, insan azadlığından danışmağa dəyməz...”
Bu gün – 3 may- Beynəlxalq Mətbuat Azadlığı günüdür. Çağdaş dünyada mətbuat azadlığı ölkələrin, dövlətlərin nəinki insan haqlarına riayət olunması, ümumiyyətlə, rüşvətxorluq, korrupsiya, bürokratiyanın, məmur özbaşınalığının səviyyəsi də daxil olmaqla inkişaf, tərəqqi indeksi kimi götürülür.
Azərbaycanın müstəqil, demokratik dövlətçiliyinin banisi Məhəmməd Əmin Rəsulzadə özünün “Mətbuat azadlığı” məqaləsində yazır:
“Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun...”
Mətbuat nədir, mətbuat – yaşadığın həyatda, ölkədə, dünyadakı gerçəkliklərin, onlar barədə düşündüklərinin uyğun, həm də aydın, gözəl, mədəni söz və cümlələrlə - ən yüksək üslublu bədii dillə insanlara, xalq kütlələrinə, bəşəriyyətə çatdırılmasıdır...
Hər hansı bir məmləkətdə azad mətbuatın formalaşması üçün öncə fərdin, şəxsiyyətin – vətəndaşın, yazarın, jurnalistin, yazıçının özünün azad ruhlu, azad ruhlu, milli, bəşəri əqidəli, prinsipial, vicdanlı, namuslu, iradəli olması gərəkdir. Ruhu, düşüncəsi azad olmayan, kölə xislətli, məddahlığa, yaltaqlığa meyilli, vəzifə, var-dövlət sahibləri qarşısında əyilən tamahkar, yalnız yüksək vəzifə, varlanmaq, ev, avtomobil, obyekt, xarici banklarda hesab sahibi olmaq və s. arzularıyla yaşayan kəsin azad söz danışmasından, yazmasından, azad mətbuata xidmət etməsindən danışmağa dəyməz. Belə şəxslərin əlinə qələm alması ölkənin nəinki milli mətbuatına, ədəbiyyatına, onun azadlığına, bütövlükdə ölkənin siyasətinə, elminə, hərbinə, iqtisadiyyatına, mədəniyyətinə, səhiyyəsinə və s. zərbə vurulması deməkdir...
Təbii ki, ölkədə mətbuat azadlığını öncə dövlət, onun qanunverici və hüquq-mühafizə orqanları, məhkəmələri və digər müvafiq hökumət qurumları təmin etməli və qorumalıdır. Bu mənada məmurların, polislərin də, prokurorların da, hakimlərin də qələm sahibləri kimi azad, demokratik ruhlu, düşüncəli, həm də ədalətli, vicdanlı olması mətbuat azadlığının üçüncü ən vacib amilidir...
Əgər bir ölkədə jurnalistin kiçik bir haqlı tənqidi, yaxud satirik yazısı hər hansı bir kiçik və ya yüksək vəzifəli məmurun qəzəbinə səbəb olursa və o həmin jurnalisti əlindəki bütün səlahiyyət, imkan və vasitələrlə təqib, təzyiq, repressiyalara, həbslərə məruz qoyursa və belə hallar kütləvi baş verirsə, o ölkədə heç bir söz, mətbuat, ümumiyyətlə, insan azadlığından danışmağa dəyməz...
Bir sözlə, mətbuatın azad olması üçün məmurlar da azad ruhlu, azad düşüncəli olmalıdırlar. Mətbuat azadlığı kiminsə tənqiq və ya satirasına görə təqib edilməməsi deməkdir...
Azərbaycanda da Məhəmməd Əmindən üzü bəri bütün ölkə rəhbərləri, hətta sovet dövründə belə, mətbuat azadlığından danışıblar... Konstitusiyamızda, mətbuatla bağlı qanunlarımızda söz və mətbuat, informasiya azaqlığı təsbit olunub...
Mərhum eks-prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Kütləvi İnformasiya Vasitələri haqqında qanun qəbul edildi. 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.
O yazırdı:
“Mən mətbuatın üzərinə hər hansı qadağanlar qoyulmasının əleyhinəyəm. Azad mətbuat olmayan ölkədə heç bir demokratik cəmiyyət qurmaq olmaz...”
Eks-prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığı təməl prinsip olaraq əksini tapıb. Sonrakı dövrdə Heydər Əliyev əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi...
Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq qəbul olundu və icraya yönəldildi...
İlham Əliyev deyir:
“Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur..."
Bununla belə, elə 30 ildən çoxdur jurnalistlik, yazarlıq fəaliyyətim boyu qohum-əqrəba, dost-tanış hərdən bəzi bir balaca sərt tənqidi yazılarımı görəndə deyirlər ki, ayə, bir az ehtiyatla yaz, səni tutacaqlar. Cavabında deyirəm ki, məni niyə, hansı əsasla tutsunlar ki, kiməsə böhtan atmıram, kimisə təhqir etmirəm, yalan yazmıram, dövlət sirrini yaymıram... Gördüyüm gerçəklərin, rəhmətlik Sabir demiş, 40-da birini yazmayıram...
*** *** ***
...Yadımdadır ki, 1995-ci ildə tənqidi yazıların dozasını bir az qaldırdığım bir vaxtda Laçın rayonunun İcra Hakimiyyəti başçısı rəhmətlik Muradxan Cabbarov məni yanına dəvət edib soruşdu ki, ay oğul, niyə belə kəskin yazılar yazırsan. Cavab verdim ki, Muradxan müəllim, siz rayonumuzun rəhbəri, ağsaqqalısız, ölkənin də, ağsaqqalı, dövlət başçısı Heydər Əliyevdir... O da dəfələrlə çıxışlarında buyurur ki, Azərbaycanda fikir, söz azadlığı, plüralizmdir... Bu, Konstitusiyamızda, qanunlarımızda da təsbit olunub. Mən də yazılarıma buna əsaslanıb yazıram. Rəhmətlik dedi ki, daha sənə sözüm yoxdur, get...
İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mən ölkədə baş verən neqativ halları jurnalistlərin yazılarından öyrənirəm, jurnalistlər mənim köməkçilərimdir...
Bəs elə isə Prezidentin köməkçilərini kim, hansı məmur təqib etməyə, kim onları haqsız yerə həbs edər?..
Bununla belə, mənə “ehtiyatla yaz, səni tutarlar” deyənləri bir yandan qınamıram. Çünki görürlər ki, hələ sovet, imperiya dönəminə məxsus inzibatçılıq, tənqidə dözümsüzlük, həm də bədii savadsızlıq bir sıra məmurların xislətində qalıb. Belə vəzifə sahibləri hər sözdən şübhələnirlər, xoflanırlar. Məsələn, hansısa satirik yazında bir xortdan, yaxud tülkü obrazı yaradırsan –babat vəzifəli məmurun biri səni çağırtdırıb savadsız və məntiqsiz şəkildə divara dirəyir ki, xortdan, tülkü deyəndə kimi nəzərdə tutmusan...
Bu, bir növ sovet dövründə milislərin birini tutub ““Kapital”ı sən yazmısan” sualı ilə işgəncə verməsinə və axırda onun bunu “boynuna almağa” məcbur etməsi haqda məşhur lətifəyə bənzəyir...
*** *** ***Əlbəttə, yazar, jurnalist söz azadlığından sui-istifadə etməməli, yazılarında təhqirə, təhdidə, yalana, böhtana yol verməməli, dini, milli-mənəvi dəyərlərin keşikçisi olmalıdır...
Rəsulzadə bu mövzuda belə yazırdı:
“Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan kənara çıxmamalıdır, kənara çıxsa, öz mənafe və məqsədinə xidmət edə bilməz. Aşağı səviyyəli yazı, söyüş, abırı aparan yazı, fitnə-fəsad törədən yazılar – bax bu üç əxlaqdan kənar çıxışlar mətbuatı hörmətdən salar, əxlaqdan məhrum edər...”
Bununla belə milli öndər mətbuatın və ümumiyyətlə, xalqın, dövlətin inkişafında söz azadlığının rolunu dəfələrlə vurğulayır:
“Mətbuat o zaman öz vəzifəsini lazımınca yerinə yetirə bilər ki, öz işində tam azad olsun. Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat azadlığı onun öz işində – yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir. Mətbuatın işi insani fikirləri yaymaq, insanların fikirlərinin inkişafını təkmilləşdirmək, mütləqiyyətin özbaşınalığının qabağını almaqdır. Demək olar ki, ümumi inkişaf və yüksəlişin qarşısını almaqda mətbuat azadlığının qarşısını almaqdan zərərli heç nə yoxdur.
Mətbuat azadlığına təzyiq göstərməyin nəticəsi çox üzücüdür. Bu təzyiq vəhşilik və məntiqsizlikdən başqa bir şey deyildir.
Mətbuat əsirliyini o şəxslər müdafiə edə bilərlər ki, onların həyat hadisələrindən və bu hadisələrin necəliyindən xəbərləri olmasın, yaxud xəbərləri olsa da, şəxsi mənfəətləri naminə ədalət və hüququ tapdalasınlar.
“Mətbuat azadlığı insan azadlığının əsas sütunudur, çünki o, əqlin, təfəkkürün əsas qüvvəsidir. Onun varlığı ağıla və səbrə əsaslanan qüvvədir. Mətbuata təzyiq göstərmək və ya onu aradan çıxarmaqla ağlın qüvvəsini aradan çıxarmağın fərqi yoxdur. Buradan belə nəticə çıxır ki, mətbuat azadlığına əl qaldırmaq insan azadlığına təcavüz etməkdir. Adamların ağlı və fikri azad olsa, onların fərdi inkişafı da sürətlənər. Azadlığın qarşısını almaq insanın ağıl və təfəkkürünü əlindən alıb onu bir maşına, ya cansız alətə çevirmək deməkdir. Məşhur ingilis yazıçısı Milton neçə əsr bundan qabaq demişdi: “Bir yaxşı kitabın aradan çıxarılması bir yaxşı adamın edam olunmasına bərabərdir. Amma bir mətbuat orqanının qabağını almaq, ya onu aradan çıxarmaq nalayiq bir vəziyyətin yaranmasına səbəb ola bilər ki, bu da yer üzündə həyatın yox olmasından əlavə, mənəvi nəticələr verər və ağlın qüvvəsini də yox edər”.
Beləliklə, mətbuatda senzura və ona təzyiq göstərmək ancaq adamları hissiyyatsız edər və onların məhvinə səbəb olar...”
Xülasə, belə qənaətə gəlirik ki, xalqın, ölkənin, dövlətin azadlığı, inkişafı və gələcəyi mətbuat azadlığına yetərincə bağlıdır...
Sultan Laçın