BAKI, 3 may. TELEQRAF
“Əsas məqsədimiz Azərbaycan kino sahəsini inkişaf etdirməkdir. Bu sahədə əlimizdən gələni əsirgəməyəcəyik”.
Bunu Teleqraf-a Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilən Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib.
“Planlarımız haqqında indidən nəsə demək tezdir. Müşahidə Şurası olaraq çalışacağıq ki, bu istiqamətdə işimizi səmərəli aparaq. Orada əsas təşkilat Kino Agentliyidir. Biz də öz tövsiyə və məsləhətlərimizi verəcəyik ki, Azərbaycan kinosu dünyada daha geniş miqyasda tanınsın və layihələr həyata keçirsin. Bizim işmiz bundan ibarət olacaq”,- deyə C.Quliyev vurğulayıb.
Cəmil Quliyev Müşahidə Şurasına təyin edilən iki üzvü haqqında da danışıb: “Müşahidə Şurasının üzvləri Xalq artisti Fəxrəddin Manafov və rejissor İlham Qasımov təyin edilib. Fəxrəddin Manafovu uzun illərdir ki, tanıyıram. Çox istedadlı və professional sənət adamıdır. Onunla uzun illər bir yedə çalışmışıq, hətta bir filmdə tərəf müqabili də olmuşuq. Həm Fəxrəddin Manafovun, həm də İlham Qasımovun Müşahidə Şurasına üzv təyin edilməsini yüksək qiymətləndirirəm. İlham Qasımov da çox istedadlı insan, prodüser və ssenaristdir”.
Qeyd edək ki, ötən gün mədəniyyət naziri Adil Kərimlinin əmri ilə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Müşahidə Şuranın sədri, Xalq artisti Fəxrəddin Manafov və Heydər Əliyev Sarayının direktoru İlham Qasımov isə Şuraya üzv təyin edildilər.