AZ

ABŞ Konqresində cinayətkarla Azərbaycan müzakirəsi: "Biz qəbul etmirik" deyirlər - MÜSAHİBƏ

BAKI, 3 may. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, ABŞ Konqresinin İnsan Haqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Rəsmi Bakının COP29-un uğurundan ölkənin nüfuzunu artırmaq üçün istifadə etdiyi iddia olunur. Bu narahatlıq nə ilə bağlıdır?

- Həmin dinləmələr Helsinki Komissiyasının təşkilatçılığı ilə gerçəkləşib və bu, heç də birinci hal deyil. Orada həmişə Azərbaycanla bağlı qərəzli, xoşagəlməz məsələlər gündəmə gətirilib. Bu dəfə isə özləri tamamilə biabır olublar. Azərbaycanla bağlı dinləmələrə keçmiş qondarma Dağlıq Qarabağ rejiminin “ombudsmanını” da dəvət ediblər. Bu isə artıq “nə olsa, nə baş versə, reallıqla barışmırıq, qəbul etmirik” iddiasıdır. Hətta Azərbaycan tərəfi haqlı olsa, düz danışsa, qanunlara riayət etsə, beynəlxalq davranışlarını qoruyub saxlamaq niyyətində olsa da, onlar "biz bunu qəbul etmirik” deyirlər. Yəni, bu açıq şəkildə düşmənçiliyin elan edilməsidir. Əslində, bu bir tərəfdən pis nümunə olsa da, digər tərəfdən bütün kartları açıb ortaya qoyur. Görünən odur ki, onlar yalnız Azərbaycana qarşı deyil, həqiqətlərə qarşı mübarizə aparırlar. Donald Tramp məhz Amerikada ona görə hakimiyyətə gəldi ki, bu kimi adamlar ABŞ-in nüfuzunu faktiki olaraq heçə endirirdilər.

- Bakıya qarşı bu cür təzyiq elementləri ilə nəyə nail olmaq istəyirlər? Məqsədləri nədən ibarətdir?

- Əvvəllər çalışırdılar ki, Azərbaycanla münasibətləri saxlasınlar ki, bütün pərdələr ortadan qalxmasın. Hansısa mühiti yaratmaq istəyirdilər ki, guya onlar demokratiya haqqında danışırlar və s. İndi isə cinayətkarı çağırıb, onunla Azərbaycanı müzakirə edirlər. Bu isə onların açıq şəkildə əlacsızlığını göstərir. Eyni zamanda bununla özlərini əyani şəkildə cinayətə şərik olmaları haqqında məsələləri gizlədə bilmirlər. Biz sözsüz ki, bundan nəticə çıxartmalıyıq. ABŞ Konqresi, “Human Rights Watch”, Helsinki Komissiyası, “Amnesty International” kimi təşkilatların necə maliyyələşdirildiyi, kimin sifarişini yerinə yetirdiyi, nəyə xidmət edib hansı istiqamətdə fəaliyyət göstərdiyinin hamısı üzə çıxdı. Bunları həmişə açıq şəkildə bəyan edən Azərbaycan olsa da bu dəfə onu bütün çılpaqlığı ilə təqdim edən məhz Tramp Administrasiyası oldu. USAID, "Amerikanın səsi", "Azadlıq radiosu" və Helsinki Komissiyasının fəaliyyətində nələrin olduğu bəyan edildi. Biz isə bunu həmişə deyirdik. İndi isə bunu Amerika özü dilə gətirir.

- Sizcə, rəsmi Bakının bu yanaşmalara münasibəti necədir və hansı xəttlə bu cür təhdidləri neytrallaşdırmaq mümkündür?

- Sözsüz ki, onlar bu iddialarından heç vaxt əl çəkməyəcəklər. Çünki onlar güclü, öz müqəddəratını təyin etmək iqtidarında olan, siyasətini müəyyən edən, dünyaya təsir göstərən, qonşularla yüksək səviyyədə əlaqələr quran, yeni yanaşmaları təqdim edən Azərbaycanla razılaşmayacaqlar. Bunun da əslində müsbət nəticəsi budur ki, biz heç vaxt arxayın olmamalıyıq. Başa düşmək lazımdır ki, bu düşmən Azərbaycanın reallıqlarını, onun mövcudluğunu qəbul etmir.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr