“Mən “Bizim küçə”, “Molla Fəttahın sərgüzəştləri” filmlərində çəkilmişəm. Digər 3 filmdə isə müxtəlif epizodlarda oynamışam. Kino mənim üçün maraqlı deyildi. Niyə görə? Mən teatrda balerina işləyirdim. Orada başdan sona qədər bilirdim ki, iş prosesi necə gedir. “Bizim küçə” filminə çəkiləndə sonuncu səhnəni birinci çəkməyə başladılar. Mən də özümü itirirdim. Bir az ordan çəkirlər, bir az burdan. Bu filmin aqibəti necə olacaq? Dedim ki, yox, bu mənlik iş deyil”

Bunu Moderator.az-a açıqlamasında dövrünün məşhur aktrisası Rimma Məmmədova deyib. O daha sonra əlavə edib:
“Həsən Seyidbəyli nə qədər məni filmə dəvət etsə də getmirdim. Hətta atama demişdi ki, qıza niyə icazə vermirsən filmlərdə çəkilsin? Atam da demişdi ki, mən çox istəyirəm çəkilsin, amma bu onun öz seçimidir. Həsən Seyidbəyli “Telefonçu qız” filmində məni baş rola dəvət etmişdi. Yaxşı ki, getmədim, ömrümü rəqslə, xoreoqrafiya sənəti ilə bağladım. İndi ora akademiya adlanır, amma mən o məktəbdə 18 il direktor işləmişəm, çox işlər görmüşəm” deyə Rimma xanım bildirib.

Rimma xanım bildirib ki, incəsənətdə yeniliklər etmək lazımdır:
“Bugünkü filmlərin aqibətindən ümumiyyətlə bixəbərəm. “Azərbaycanfilm” kinostudiyası bağlıdır. İndi film çəkilir ki? Bəlkə də çəkilir, amma mən görmürəm. Hazırkı həyatım sırf rəqslə bağlıdır. Həm Xoreoqrafiya Akademiyasında, həm də Bakı Musiqi Akademiyasında dərs deyirəm. Bu günlərdə Eyyub Yaqubovun iştiraki ilə Cahangir Cahangirov adına xor bir yerdə çox gözəl kompozisiya-tamaşa təqdim etdi. Çox gözəl idi. Orada Hüseyn Caviddən, Mikayıl Müşfiqdən bəhs edilirdi. Cavanlar onların taleyindən xəbərdar olmalıdırlar. Bu incəsənətdə yenilik idi” deyə o bildirib.

Qeyd edək ki, Rimma Məmmədova tamaşaçılara “Bizim küçə” filmindəki Sara obrazı ilə tanışdır.
