AZ

“İnformasiya təhlükəsizliyi görünməyən bir silahdır” – Elşad Hacıyev

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiya təşkil olunub.

Sessiyaya Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova moderatorluq edib. DİN, Baş Prokurorluq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri texnoloji inkişafın media mühitinə təsiri, etibarlı informasiya, sosial medianın rolunun artması, kiberhücum riskləri və rəqəmsal alətlərlə effektiv ünsiyyət mövzularında fikir mübadiləsi aparıblar.

 Yenisabah.az xəbər verir ki, panel sessiyasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev kiberdələduzluq halları ilə bağlı çıxışında bir sıra məsələlərə toxunub:

 “Buradakı statistika 6 milyon Azərbaycan vətəndaşının informasiya təhlükəsizliyi ilə əlaqəlidir. Elə bir dövrdə yaşayırıq ki, kimin əlində, əhatəsində smartfon, yaxud informasiya daşıyıcısı olan cihaz varsa, təhlükəsizlik məsələsi aktualdır. Bugünki dövrdə bizi ən çox narahat edən hal kibertəhdidlər, kiberdələduzluq, kiberoğurluqdur ki, burada əsas məsələ yalnız vətəndaşın özünün şəxsi təhlükəsizlik məsələsidir. Şəxsi təhlükəsizlik isə təkcə bu günlə əlaqəli məsələ deyil. Bu onun əhatəsində, sosial şəbəkə seqmentində dostluq etdiyi şəxslərlə əlaqəli şəkildə bağlı olan məsələlərdir. Bu gün bizi ən çox qayğılandıran məsələ vətəndaşın şəxsi məlumatlarının ikinci, üçüncü şəxslərin əlinə keçməsidir. Bu da xeyli sayda vətəndaşın hansısa formada cinayətkar təhdidlərə və zərərlərə məruz qalmasına səbəb olur. Xüsusilə, bank kartları ilə bağlı olan informasiya məsələləri var ki, vətəndaş öz şəxsi məlumatlarını tanımadığı şəxslərə verməməlidir. Vətəndaşın şəxsi həyatına aid olan şəxsiyyət vəsiqəsi, yaxud kart məlumatları digər bir şəxsin əlinə keçdikdə ya nağd, ya da adına kredit götürülməsi fonunda maddi zərərlə üzləşməsinə səbəb olur.

 Biz kiberdələduzluq halları ilə bağlı maarifləndirmə tədbirlərini və təbliğat işini sosial media vasitəsilə və KİV işçilərinin köməyi ilə artırmışıq.  Çünki bu problem hər gün daha da aktuallaşır. Dünya təcrübəsindən nümunə gətirərək qeyd edirik ki, bu cür halların qarşısının alınması yalnız şəxsin özündən asılıdır. Vətəndaş öz məxfi məlumatlarını qarşı tərəfə ötürməməlidir. Bu mövzuda sxemlər hər gün dəyişir. Son dəfə xaricdən daxil olan zənglər vasitəsilə bu cür dələduzluq halları həyata keçirilməyə başlayıb. Vətəndaş bilməlidir ki, dəyəri 1000 manat olan bir əşya hansısa alışveriş saytında 300, 500, yaxud 700 manata təklif olunursa, bu artıq tələdir. Daha çox zərər bu istiqamətdədir. Yaxud kimsə özünü hansısa bankın əməkdaşı kimi təqdim edir və vətəndaşla görüntülü danışır. Onun şəxsi məlumatlarını ələ keçirir. Aydın görünür ki, həmin telefon nömrələri xaricdəndir.

 Abşeronda yaşayan bir şəxsə Hollandiyadan zəng vurub deyiblər ki, sizə Avropaya gəlmək üçün viza məsələsində kömək edək və burada çalışın. Beləliklə, onun şəxsi məlumatları ələ keçirilir. Həm də vətəndaşın özü istiqamətləndirilərək telefonda bütün prosesləri qarşı tərəf üçün həyata keçirir”.

 E.Hacıyev insanları ayıq-sayıq olmağa səsləyib:

 “Başqa bir məsələ isə bundan ibarətdir ki, hazırkı dövrdə vətəndaşlarımız sosial şəbəkə məsələlərində çox ehtiyatsız davranırlar. Ailə həyatına aid olan, paylaşılması lüzum bilinməyən hansısa şəkli sosial şəbəkədə paylaşır və sonra kimsə onu əldə edərək əleyhinə çevirir. Gələcəkdə insanı narahat edəcək hansısa halın baş verməməsi üçün indiki dövrdə ehtiyatlı olmaq lazımdır. Nəzərə alınmalıdır ki, informasiya təhlükəsizliyi bir görünməyən silahdır. Bu təkcə vətəndaşlara deyil, həmçinin, müxtəlif şirkət və qurumlara aiddir”.

 Aytac Şahin


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr