Bəşəriyyət yüz illərdir insan əlinin heyrətamiz quruluşunu başa düşməyə çalışır. Bu əl, həm güclü çəkic tuta, həm də ipi iynədən keçirə bilir. İndi isə texnologiya insanın bu bacarığını süni zəka və mexanika ilə birləşdirərək robot əllərə ötürür. İngiltərədə yaradılmış "Shadow Dexterous Hand" adlı robot əl insan barmaqlarının hərəkətini və toxunma qabiliyyətini yüksək dəqiqliklə təqlid edən texnologiyanın zirvəsidir.
"Shadow Dexterous Hand" nədir?
"Shadow Dexterous Hand" 24 müxtəlif istiqamətdə hərəkət edə bilən, toxunmanı hiss edən və süni intellektlə işləyən robot
əldir. Onu insan əlindən fərqləndirmək çox çətindir. Bu əl 20 ağıllı mühərriklə barmaqları idarə edir, 4 əlavə hərəkət oxu ilə daha çevik hərəkətlər edir, toxunma sensorları ilə əşyanın sərtliyini və formasını hiss edə bilir.
Süni zəka ilə əməkdaşlıq: Rubik kubunu çevirən robot
2018-ci ildə "OpenAI" bu robot əli süni intellektlə birləşdirərək bir möcüzəyə imza atdı: "Dactyl" adlı sistem "Shadow Hand" vasitəsilə Rubik kubunu bir əllə fırladaraq düzdü. Özü də ən qəribəsi odur ki, hərəkətlər öncədən proqramlaşdırılmamışdı – robot əl özü öyrənmişdi. Bu fakt isə, robotların artıq yalnız güclü deyil, ağıllı və çevik olduğunu göstərdi.
Hiss edə bilən barmaq ucları
"Shadow Hand"ın barmaqlarında yerləşən
"Shadow Tactile Fingertip" (STF) sensorları vasitəsilə robot barmaqları əşyaya toxunduqda təzyiqi, sürüşməni, hətta təəccüblü görünsə də, istiliyi hiss edə bilir.
Əgər daha yüksək dəqiqlik tələb olunursa, bu barmaqlar "BioTac" adlı daha həssas sensorlarla əvəz oluna bilər. Bu texnologiyalar robotlara insan toxunuşunu "hiss etmə" imkanı verir.
Bu "əl"dən bir sıra sahədə istifadə olunur.
Bunlardan başlıcası nüvə sənayesidir. İnsan üçün təhlükəli olan zonalarda, məsələn, "Sellafield" kimi radioaktiv bölgələrdə "Shadow Hand" uzaqdan idarə olunaraq işləyir. Bu, operatorları riskdən qoruyur.
Digər sahələr elm və təbabət sahələridir.
Bu "əl"lərdən həssas təcrübələrin aparılmasında və uzaqdan manipulyasiya tələb edən cərrahiyyə robotlarında, eləcə də texnologiya laboratoriyalarında süni intellekt
və robot öyrənməsi sahəsində də geniş istifadə olunur.
Davamlılıq və təkmilləşmə: Yeni versiyalar
"Shadow Robot Company" təkcə klassik robot əl yox, müxtəlif ehtiyaclara uyğun "Lite", "Extra Lite" və "Super Lite" modellər də hazırlayıb. Bu modellər daha yüngül və az enerji sərf edən quruluşlara malikdir.
Yeni versiyalarda barmaqlar müstəqil dəyişdirilə bilir və təmir daha asan olur. Bu isə onu uzunmüddətli və qəza davamlı edir.
Gələcəkdə bizi nə gözləyir?
Texnoloji inkişaf sürətlə davam edir. "Shadow Hand" texnologiyası yaxın gələcəkdə kosmosda robot əməliyyatlarında, sualtı tədqiqatlarda, tibbi robot əllərində daha geniş istifadə oluna bilər.
Eyni zamanda, bu kimi sistemlərin hüquqi və
etik çərçivəyə salınması da vacib olacaq. Çünki süni zəka ilə işləyən robotların məsuliyyəti və təhlükəsizliyi cəmiyyət üçün getdikcə önəm kəsb edir.
İnsan əlinin texnoloji kölgəsi
"Shadow Dexterous Hand" sadəcə robot əl deyil – bu, insan texnologiyasının toxuna bildiyi ən incə nöqtədir. Həm sənayedə, həm elmdə, həm də gündəlik həyatda istifadə oluna biləcək bu əl, texnologiyanın artıq yalnız qavramaqla yox, hiss etməklə də bağlı olduğunu göstərir.
Yunis Xəlilov
Hüquqşunas