Asiyanın iki nüvə dövləti - Hindistan və Pakistan arasında müharibə təhlükəsi dünya gündəmini tutub. Hindistanın Pahalqam qəsəbəsində 26 turistin ölümü ilə nəticələnən terror aktı iki ölkə arasında vəziyyəti gərginləşdirib. Hər hansı bir təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Hindistan hələ də hücumun kim tərəfindən həyata keçirildiyini müəyyən edə bilməyib. Bununla belə, heç bir fakta və sübuta malik olmadan insanlarda ciddi narazılıq yaradan təhlükəsizlik sahəsindəki boşluqları “ənənəvi yol”la - Pakistanı hədəf göstərməklə ört-basdır etməyə çalışır.
Hindistanın su şantajı
Bunlar azmış kimi, terror aktını bəhanə edən Nyu-Delhi rəhbərliyi Hind çayları üzrə müqavilənin icrasını dayandırdığını və Pakistan diplomatlarını ölkədən çıxardığını bəyan edib. Halbuki, Hind çayları üzrə müqavilə 1960-cı illərdə imzalanıb və Dünya Bankı bu müqavilənin təminatçısıdır. Bu səbəbdən Pakistan haqlı olaraq hüququ olan suların qarşısının alınmasını müharibə aktı kimi qiymətləndirir. Bu müqaviləyə əsasən, Hind, Çelum və Çenab çayları Pakistana, Ravi, Beas və Sutlej çayları isə Hindistana aiddir. Müqavilə iki ölkə arasında mümkün su müharibəsinin qarşısını alır. Pakistanın kənd təsərrüfatının və içməli su təminatının 80 faizindən çoxu Hind çayından asılıdır. Buna görə də Hindistanın su təchizatını məhdudlaşdırması Pakistan üçün həyati təhlükəsizlik məsələsidir. Milyonlarla insanı susuz qoymaq cəhdi isə ən azından bəşəri cinayət hesab edilir.
Hərbi güc balansı necədir?
İndi hər kəsi bir sual düşündürür - iki ölkə müharibəyə nə qədər hazırdır? Hazırda Pakistanın əlində Çinlə birlikdə istehsal etdiyi “JF-17” ilə yanaşı “F-16”-lar, Hindistanın əlində isə Fransadan aldığı “Rafale” qırıcıları var. Hər ölkə strateji silahlara (raketlər) təxminən bərabər sayda malikdir. İndiyə qədər Pakistanla Hindistan arasında üç müharibə olub. Dördüncü müharibə ilə bağlı fərqli fikirlər mövcuddur.

80 ildir davam edən gərginlik
İki ölkə arasında gərginliyin tarixi 1947-ci ildən başlayır. Səbəb də əhalisinin əksəriyyəti müsəlman olsa da, ərazisi Hindistana verilən Kəşmir bölgəsidir. İlk müharibə 1947-ci ilin oktyabr-dekabrında baş verib. Ştatda müsəlmanlar üstünlük təşkil etsə də, hakim dairələr regionun Hindistana birləşdirilməsi haqqında qərar qəbul ediblər. Bu isə müharibəyə səbəb olub. 1949-cu ilin 27 iyulunda Hindistan və Pakistan cəbhə xətti boyunca atəşin kəsilməsi haqqında müqavilə imzalayıb. Nəticədə Kəşmirin 60 faizi Hindistanın, 40 faizi isə Pakistanın nəzarəti altına keçib. İkinci dəfə 1965-ci ilin avqust-sentyabr aylarında - Pakistan tərəfindən mübahisəli Kəşmir ştatının Hindistanın nəzarətində olan hissəsində üsyan qaldırmağa cəhd göstərilməsi olub. Tezliklə münaqişə iki dövlət arasında sərhəd müharibəsinə çevrilib. BMT-nin işə qarışması nəticəsində hərbi əməliyyatlar qalib müəyyənləşdirilmədən başa çatdırılıb. 1971-ci ildə üçüncü müharibə baş verir və bu dəfə səbəb Hindistanın əvvəllər Pakistanın tərkibində olan Banqladeşin müstəqilliyini tanıması olur. 1971-ci ilin 3-17 dekabr arasında davam edən döyüşlər Hindistanın qələbəsilə yekunlaşıb. Qeyd edək ki, gərginliyi yaradan başlıca amil Hindistanın Kəşmir bölgəsində ən azı 700 minlik ordu saxlaması, burada müsəlman əhalinin sayının azaldılaraq demoqrafik dəyişikliyə nail olmaq cəhdləri, həmçinin güc strukturlarının sadə vətəndaşlara qarşı amansız rəftarıdır. Ölkəsindəki seçki ərəfəsində reytinqi xeyli aşağı düşən Modi hökuməti vəziyyəti öz xeyrinə dəyişmək üçün Pakistanla münasibətlərin gərginləşməsində maraqlı görünür.