İlqar Hüseynli: “Bu, sırf inhisarçılıqla bağlı olan məsələdir”
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 647 ton donuz piyi gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə donuz piyinin idxalı 56% və ya 232,6 ton artıb.
Qeyd edək ki, bu il idxal olunan donuz ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,3 dollar (2,1 manat) olub. Donuz piyi əsasən 5 ölkədən idxal edilir. Belə ki, Almaniya – 247,9 ton, Danimarka – 227,8 ton, Rusiya – 107,9 ton, İsveç – 48 ,1 ton, Norveç – 15,2 ton donuz piyi idxal edilib. Ancaq burada təəccüb doğuran məqam odur ki, xaricdən 2,1 manata idxal edilən donuz piyinin 1 kiloqramı marketlərdə dəfələrlə baha satılır. Məsələn, donuz piyinin 1 klioqramı 18 manata təqdim edilir. Bir sözlə, xaricdən 2,1 manata gətirilən donuz piyini marketdə 18 manata satılmasının hansısa iqtisadi əsası varmı? Bu qədər fərq nədən irəli gəlir?
“Gömrük rüsumu və maya dəyəri bəlli olandan sonra məhsulun bu qədər baha satılması...”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Ümumiyyətlə, idxal-ixrac prosesində kifayət qədər inhisarçılıq mövcuddur. İdxal vasitəsi ilə ölkəyə gətirilən məhsulların üzərinə sahibkarlar kifayət qədər maya dəyərindən çox gəlir yükləyirlər. Yəni bu, yalnız ət və süd məhsullarında deyil, ümumiyyətlə, ölkəyə idxal edilən bütün sənaye və istehlak məhsullarda özünü göstərir. O cümlədən, ərzaq məhsullarında bənzər prosesin şahidiyik. O baxımdan, xaricdən 2,1 manata idxal edilən donuz piyini yerli bazarda 18 manata satılmasının heç bir iqtisadi əsası yoxdur. Bu, sırf inhisarçılıqla bağlı olan məsələdir. Çünki bu məhsula yeyinti sənayesində tələbat var. Kolbasa və sosis məhsullarının emal prosesində donuz piyindən geniş istifadə edilir. Donuz piyi həmin məhsulların uzun müddət saxlanılması üçün istifadə edilir. Məsələ ondadır ki, Azərbaycan müsəlman ölkəsi olduğu üçün donuzçuluğun inkişafı aqrar sahə üçün ənənəvi deyil. Əsasən bu məhsula olan tələbat idxal hesabına təmin edilir. Gömrük rüsumu və tam olaraq maya dəyəri bəlli olandan sonra məhsulun bu qədər baha satılması soyğunçuluqdur. Burada digər səbəblər də var. Məsələ ondadır ki, daha çox sahibkarlar icarə əsaslı obyektlərdən istifadə edirlər. Bunlarında icarə müqaviləsi əsasında qiymətləri həddən artıq çoxdur. Adicə bir 50-60 kvadratmetr obyekt sahibkarlara 3-5 min manata icarəyə verilir. Şəhərin elə yeri var ki, orada obyekt 8 min manata icarəyə verilir. Bundan əlavə kommunal xərclər, vergi ödənişləri var. İşçilərin əmək haqqı var. Bütün bunlarla yanaşı, həm də inhisarçılıq faktoru var. O da ondan ibarətdir ki, hansısa məhsul bir sahibkar tərəfindən ölkəyə gətirilir. O da istədiyi qiyməti diqtə edir. Ona görə də məhsulun bu qədər baha satılmasında iqtisadi tarazılığı, əsaslandırmanı əldə etmək çox çətindir. Ən nəhayət, tez xarab olunan məhsullar idxal olunursa, onun satış qiymətləri hər zaman baha olur. Risk faktorunu nəzərə alaraq qiymətini hər zaman baha qoyurlar. Çünki yetərincə saxlanma soyuduğu anbarları yoxdur. Ancaq məhsulun baha olmasının əsas səbəbi inhisarçılıqdır”.
Vidadi ORDAHALLI