AZ

Yunis Hüseynov: “Santuş gənc futbolçuları belə sındırmamalıdır”

Azərbaycanlı futbol veteranı, “Turan Tovuz” klubunun məşqçisi Yunis Hüseynov qərb təmsilçisinin Avrokuboklara vəsiqə qazanacağına inanır. 

Bizim.Media-ya açıqlama verən Hüseynov “Turan Tovuz”un buna hazır olduğunu deyir: 

“Bu mövsüm əla kollektiv formalaşdırmışıq.

Çempionatda stabil oyun göstərən komandalardan biriyrik. Üstəlik, Kurban Berdıyev kimi təcrübəli bir baş məşqçimiz var. İnanın ki, o, doğrudan əla məşqçidir. Bu insandan çox şey öyrənmək olar. Hazırda klubda elə atmosfer var ki, hamı Avrokuboklarda oynamağımızı istəyir. Düzdür, bu bir qədər də bizdən asılı məsələ deyil. Ancaq inanıram ki, kubokun finalının da nəticəsi bizim xeyrimizə olacaq və Avrokuboklara da vəsiqə qazanacağıq”.

Yunis Hüseynov milli komandamızın son yoxlama oyunlarındakı xoşagəlməz nəticələrinə də toxunub. 

O, Fernandu Santuşun təcrübəli məşqçi olmasına baxmayaraq gənc oyunçulara qarşı fərqli yanaşmasını istəyir: 

“Fernandu Santuş yaxşı məşqçidir. Ola bilsin, işlədiyi müddətdə futbolumuza xeyir verə biləcək. Ancaq Azərbaycan reallıqlarını da nəzərə almalıdır. Aydındır ki, hazırkı futbolçu nəsli o qədər də güclü deyil. Ona görə də onlardan necə istifadə etməyi bacarmalıyıq. Misal üçün Santuş Belarusla oyunda hətta beynəlxalq səviyyəli oyunlara heç vaxt çıxmayan futbolçuları meydana buraxdı. Onlar isə məğlubiyyətdən sarsıldılar. Santuş gənc oyunçuları belə sındırmamalıdır. Bu gəncləri birdən-birə odun içinə atmaq olmaz. Onlardan düzgün istifadə etmək lazımdır. Yığmanın nəticələrinə gəldikdə isə inanıram ki, düzələcək. Çünki heyətdə kifayət qədər təcrübəli və istedadlı futbolçularımız var”.

Rəşad Rafiqoğlu, Bizim.Media 

Seçilən
0
bizim.media

1Mənbələr