Bakıda bədii gimnastika üzrə Avropa kuboku davam edir.
İdman.biz xəbər verir ki, yarışın üçüncü gününü çoxnövçülükdə ən güclüləri müəyyənləşdirəcək yeniyetmələrdən ibarət qrup komandaları açacaqlar.
Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət komandamız beş halqa və beş cüt gürzlə kompozisiyalar nümayiş etdirəcək.
Daha sonra fərdi yarışacaq yeniyetmələr çıxış edəcəklər. Onlar halqa, top, gürz və lentlə finalda yer almaq uğrunda mübarizə aparacaqlar. Ölkəmizi Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsil edəcəklər.
Qrupların və fərdi çıxışların nəticələrinə əsasən, komanda birinciliyinin qalibləri müəyyənləşəcək.
Proqramın axşam hissəsində böyüklərdən ibarət qrup komandaları arasında çoxnövçülük üzrə "Cross Battle" keçiriləcək. Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komandamız pley-off mərhələsində Estoniya ilə qarşılaşacaq.
Qeyd edək ki, bir gün əvvəl qrupumuz üç top və iki halqa ilə hərəkətlərdə qızıl medal qazanmışdı.
İdman.biz