"Azərbaycanın media resurslarına 20 fevral hücumlarının səbəbləri və məqsədi bilinib. İlkin araşdırmalar zamanı məlum olub ki, 10-dan çox aparıcı media resursuna qarşı əlaqələndirilmiş formada və siyasi motivi olan kiberhücumlar həyata keçirilib". Bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunmuş ictimai müzakirələr zamanı komissiyanın sədri Ramid Namazov bildirib.
Ramid Namazov qeyd edib ki, mütəxəssislərin rəyinə görə, bu hadisə indiyədək ölkəmizdə baş vermiş, habelə müəyyən edilmiş ən ciddi kibermüdaxilə əməliyyatlarından biri olub: “Burada, həmçinin əsasən xüsusi xidmət orqanları tərəfindən geniş istifadə olunan “yalançı bayraq” və ya “saxta bayraq” kimi adlandırılan əməliyyatın həyata keçirildiyi məlum olub. Kiberhücumun təhqiqatı kibertəhlükəsizlik sahəsində peşəkar biliklərə və təcrübəyə malik, bir-biri ilə bağlı olmayan və müstəqil fəaliyyət göstərən iki komanda tərəfindən aparılıb. Əldə edilən nəticələr isə bir-biri ilə üst-üstə düşüb. Hücumun kim tərəfindən və hansı motivlər əsasında təşkil edildiyini müəyyən etmək üçün sistem qeydlərinin təhlili aparılıb. Zərərverici proqram təminatının izləri araşdırılıb, eləcə də hücum edənlərin davranış analizi həyata keçirilib. Araşdırma hücumun yalnız texniki deyil, eyni zamanda, psixoloji təsir yaratmağa yönəlmiş, yüksək səviyyədə təşkilatlanmış kibercasus qrupu tərəfindən həyata keçirildiyini ortaya çıxarıb. Həmin qrup beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dövlətə bağlı aktor kimi təsnif edilir. Hücumların motivinə gəlincə isə böyük ehtimalla bunun səbəbi bir qədər öncə baş vermiş iki hadisə ilə bağlı iz buraxmadan qisas almaq məqsədi daşıyıb. Məqsəd isə media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsal təhlükəsizliyi sarsıtmaq idi”. Komissiya sədrinin sözlərinə görə, ilkin təhlillər göstərir ki, “Global Media Group”nun daxili infrastrukturu zərərverici proqram təminatları ilə yoluxdurulub, mərkəzi idarəetmə sistemi tam olaraq ələ keçirilib: “Hücum nəticəsində, sistem inzibatçısına məxsus kompüter ələ keçirilib, bütün internet resurslarının ehtiyat nüsxələrinin saxlanıldığı serverə giriş edilib. Bundan sonra isə hücumu həyata keçirənlər digər media resurslarına müdaxilə ediblər. Nəticədə, veb-server məlumatları və ehtiyat nüsxələr silinib, media resursları məhv edilib, infrastruktura giriş məhdudlaşdırılıb".
Ramid Namazov vurğulayıb ki, media resurslarına 20 fevral hücumlarını Rusiya ilə əlaqəli qruplar həyata keçirib:
"Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29, yəni “Rahat Ayı” qrupuna məxsus olduğu müəyyən edilib. Beləliklə, APT29 adlı kibercasus qrupu bu il fevralın 20-də araşdırmalara görə təxminən 2-3 il idi ki, sistemlərində gizlicə fəaliyyət göstərdikləri media resurslarını tam ələ keçirirlər. Tərəfimizdən aparılan kiberpsixologiya təhlilləri nəticəsində hücumun motivinin də haradan qaynaqlandığı aydın olur. Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi” və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən "Rossiya Seqodnya"nın Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib”.
Deputat Nigar Məmmədova bildirib ki, ölkəmizə qarşı hibrid təhdidlər təəssüf ki, media resurslarına kiberhücumlar şəklində də özünü göstərməkdədir. O deyib ki, hibrid təhdidlər faktiki terrorizm və ya mütəşəkkil cinayətə bənzəyir:
“Geosiyasi və iqtisadi gərginlik artdıqca, kibermüharibə casusluq, təxribat və dezinformasiya kampaniyaları ilə genişlənir, dövlətlər üçün hadisələri manipulyasiya etmək məqsədilə əsas vasitələrə çevrilir. Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı hibrid təhdidlərin intensivləşdiyini və şaxələndiyini müşahidə edirik. Müxtəlif parlamentlər, bəzi beynəlxalq dırnaqarası demokratiya və insan hüquqları təşkilatları, vətəndaş cəmiyyəti institutları da hücum aləti kimi istifadə olunur. Prosesə beynəlxalq media da cəlb olunur, mütəmadi olaraq postmünaqişə reallıqları təhrif edilir, “jurnalist araşdırması” adı altında dezinformasiya kampaniyaları həyata keçirilir. Məlum olduğu kimi, hibrid təhdidlərin növlərindən biri də rəqəmsal manipulyasiyalardır. Ölkəmizə qarşı hibrid təhdidlər təəssüf ki, media resurslarına kiberhücumlar şəklində də özünü göstərməkdədir. Zaman-zaman media sistemlərinə kiberhücumların koordinasiya edildiyini və dövlət orqanlarının işində sabitliyin pozulmasına yönəldiyini görürük. Media infrastrukturunu sarsıtmaq məqsədilə həyata keçirilən bu hücumlar haker qrupların dəstəyi ilə reallaşır. Serverlərə, saytların panelinə sızmalar edilir. Bu da səbəbsiz deyil. Çünki media platformalarının auditoriyası kifayət qədər genişdir. Əksər sektorlardan fərqli olaraq, media qlobal miqyasda insanlara məlumat çatdırır. İctimai rəyi manupulyasiya etmək məqsədilə pozucu texnologiyalardan, hətta sosial şəbəkələrdən də dezinformasiya silahı kimi istifadə olunur. Təbii ki, kiberhücumlardan qorunmaq üçün tədbirlər görülməlidir. Serverlərin və şəbəkə arxitekturasının təhlükəsizliyi təmin edilməlidir. Risklərin minimuma endirilməsi üçün elektron media resurslarına təhlükəsiz giriş siyasəti tələb olunur. Paralel olaraq media subyektlərinin kiberhücumlarla mübarizəyə dair təlimlərə cəlb edilməsi, maarifləndirmənin daha da gücləndirilməsi vacibdir”.
Politoloq Elxan Şahinoğlu deyib ki, başqa ölkələrə qarşı kiberəməliyyatları həyata keçirən mütəşəkkil dəstənin Kremlin nəzarətindən kənar fəaliyyət göstərməsi mümkün deyil. Milli Məclisin ekspert rəyi Rusiyanın Azərbaycana olan münasibətinin təzahürüdür:
"Görüşlər, səfərlər, fikir mübadilələri zaman səslənən xoş sözlər aysberqin görünən tərəfidir. Bir dövlət adətən düşmən saydığı və ya hədəf seçdiyi dövlətə qarşı kiberhücumlar həyata keçirir. Hazırda Rusiyadakı siyasi dairələr Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlamasını istəyir və bu yöndə açıqlamalar verirlər. Bu açıqlamalar ölkəmizə qarşı şantajın “mədəni” formasıdır, bununla demək istəyirlər ki, Bakıda “Rus evi”nin fəaliyyəti bərpa olunmasa, Rusiya ərazisindən Azərbaycana qarşı növbəti kiberhücumlar həyata keçiriləcək".