AZ

“Traktor” tarixində ilk dəfə çempion oldu!

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025-ci illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, Təbriz təmsilçisi bu gün növbəti matçına çıxıb.

Sözügedən komanda 28-ci tur çərçivəsində Şəms Azər Qəzvin”lə qarşılaşıb. Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu oyunda 3 xalı 4 cavabsız qolla qazanıblar – 4:0. Domaqoy Drozdek dubla (2-ci və 30-cu dəqiqələr) imza atıb. Digər qolları Əmirhüseyn Hüseynzadə (9-cu dəqiqə) və Rikardo Alves (84-cü dəqiqədə penaltidən) vurublar.

Bu qələbəyə sayəsində xallarının sayını 64-ə çatdıran Təbriz klubu bütün rəqibləri üçün əlçatmaza çevrilib. Belə ki, mövsümün sonuna iki tur qalmış “Traktor” ən yaxın izləyicisi “Sepahan”ı (56 xal) 8 xal qabaqlayır. Üçüncü pillədə 54 xalı olan “Persepolis” qərarlaşıb.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 28 oyunda 20 qələbə qazanıb, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını mayın 8-də evdə “Nassaji Mazandar”a qarşı keçirəcək.

Xatırladaq ki, “Traktor” daha öncə heç vaxt İran çempionatının qalibi ola bilməmişdi. Təbriz klubu 2011/2012, 2012/2013 və 2014/2015-ci illər mövsümlərində ikinci, 1992/1993 və 2016/2017-ci illər mövsümlərində isə üçüncü yeri tutmuşdu.

Cənubi Azərbaycanın ən məşhur klubu 2013/2014 və 2019/2020-ci illər mövsümlərində İran Kubokunun da qalibi olub.

Seçilən
0
arena.az

1Mənbələr