Arzuxan Əlizadə: "Hindistan hökuməti bir tərəfdən Qərb və ABŞ ilə münasibətlərini korlamamaq, digər tərəfdən isə sanksiyalardan yayınmaq üçün Rusiya ilə məsafəli siyasət yürütmək məcburiyyətindədir"
Kremldən bildirilib ki, Narendra Modi Moskvadakı 9 may paradında iştirak etmək üçün Moskvanın rəsmi dəvətindən imtina edib. Kremlin mətbuat katibi Dmitri Peskov aprelin 30-da bildirib ki, Modi Rusiya prezidenti Vladimir Putinin İkinci Dünya Müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü ilə bağlı təntənəli tədbirlərdə iştirak etmək dəvətini qəbul etməyib.
Peskov bildirib ki, Modi aprelin əvvəlində rəsmi dəvət aldığını, lakin "gəlməyəcəyini" bildirib. "Hindistan təmsil olunacaq, lakin yüksək səviyyədə deyil", - deyə Peskov bildirib. O, əlavə edib ki, Hindistanın baş naziri imtinasının səbəbini açıqlamayıb.
Möskvada böyük ümidlər var idi ki, Baş nazir Narendra Modi bu törəndə şəxsən iştirak edəcək. Bu onu deməyə əsas verir ki, Hindistan artıq Rusiya ilə məsafə saxlamağa çalışır. Hindistanı buna vadar edən səbəb nədir?
İkincisi, Hindistan Fransadan Hərbi Dəniz Qüvvələri üçün 26 "Rafale" daşıyıcı əsaslı döyüş təyyarəsi almaq üçün 7,4 milyard dollarlıq müqavilə bağlayıb.
Bu təyyarələr Rusiya istehsalı olan MiQ-29K-ları əvəz etmək üçün Hindistanın "Vikramaditya" və "Vikrant" aviadaşıyıcılarında yerləşdiriləcək.
Digər tərəfdən, Hindistan ABŞ-yə yaxınlaşır. Hətta, bu yaxınlarda baş nazir Narendra Modi Vaşinqtona səfər etmişdi. Həmin səfər zamanı tərəflər arasında silah satışına dair də razılaşma əldə edilib.
İndiyə qədər Hindistan həmişə Rusiya ilə müttəfiqlik etməyə çalışıb. İndi isə Hindistan Trampın sanksiyalar siyasətindən yayınmaq üçün Rusiyadan uzaqlaşaraq, Qərbə və ABŞ-yə meyillənməyə başlayır. Bunu Rusiyanın Hindistana etdiklərinə görə "sədaqət"li münasibətinin göstəricisi saymaq olarmı?
Rusiya və Hindistan arasında soyuq küləklər əsməsinin başqa hansı səbəbləri ola bilər?
Hindistan Fransadan aldığı qırıcılardan daha yüksək göstəriciyə malik və daha ucuz qiymətə analoji döyüş təyyarələrini Rusiyadan da ala bilərdi. Amma nəyə görə Fransanı seçdi?
Bir məsələni də vurğulayaq ki, bu yaxınlarda Tramp bəyan etdi ki, biz Rusiyadan böyük həcmdə neft və qaz alan ölkələrə də sanksiya qoyacağıq. Rusiyanın bu sahədə ən böyük tərəfdaşlarından biri isə Hindistandir. Həttə, rəsmi Dehli Rusiyadan nefti və sıxılmış qazı alıb, region ölkələrinə bir qədər baha qiymətə satıb, qazanc əldə edirdi. Amma indi görəndə ki, Amerika sanksiya tətbiq edə bilər, yavaş-yavaş Rusiyadan aralaşaraq, Qərbə və ABŞ-yə meyillənir. Artıq Rusiyadan alınan nert-qaz fyüçerslərinin həcmini də azaldıb.
Hindistan nə etmək istəyir?
Baki-xeber.com saytının sualını cavablandıran AMİP sədri, deputat Arzuxan Əlizadə bildirdi ki, hadisələrin son inkişafı Hindistanın Rusiyanı incitmədən ondan uzaqlaşmaq istədiyini göstərir.
Hindistan artıq bu istiqamətdə addımlar atmağa başlayıb. Bunun da bir sıra səbəbləri var.
Hindistan öz hərbi arsenalının 45%-ni Rusiya silahları ilə təzhiz edirdi. Rusiya-Ukrayna müharibəsində Rusiya silahlari həm də sınaqdan keçdi. Görünüb, Hindistanın müşahidələri o qənaətə gəlməy əəsas verib ki, Rusiya silahları bir çox hallarda müasir çağırışlara o cavab vermir. Ona görə də rəsmi Dehli Fransadan və ABŞ-dən silah almaq qərarına gəlib. Bu da adi hal kimi qarşılana bilər, Hindistan hərbi arsenalını daha müasir silahlara təhciz etmək istəyir. Eyni zamanda Rusiya ilə də münasibətlərini korlamaq istəmir.
Digər tərəfdən, son illər Rusiya məlum səbəblərdən enerji daşıyıcılarının satışı ilə bağlı ciddi problemlərlə üzləşib. Hindistan bu fürsətdən istifadə edərək Rusiyadan neft idxalıni genişləndirmişdir. Hindistan həmin nefti öz zavodlarında emal edərək neft məhsullarını qonşu ölkələrə satırdı və çox ciddi gəlirlər əldə edirdi. Lakin Donald Trampın Rusiyadan neft alan ölkələri sanksiyalarla hədələdikdən sonra Hindistan Rusiyadan neft idxalını azaltmağa başlayib.
Hindistan hökuməti düşünür ki, rus neftindən gələn mənfəətdən daha çox sanksiyalardan zərər çəkə bilər. Ona görə də son zamanlar Rusiyadan həm neft idxalını azaldıb, həm də Rusiyadan uzaqlaşmaq kursu götürüb. Hindistanın baş naziri 9 May paradında iştirakdan imtina etməklə ABŞ-yə göstərmək istəyir ki, o, Rusiyadan uzaqlaşır, onların sıcaq münasibətləri mövcud deyil.
Bütün bunlar göstərir ki, qarşıdakı dönəmdə Hindistanla Rusiya arasındakı münasibətlər əvvəlki kimi yüksək səviyyədə olmayacaq. Hindistan hökuməti bir tərəfdən Qərb və ABŞ ilə münasibətlərini korlamamaq, digər tərəfdən isə sanksiyalardan yayınmaq üçün Rusiya ilə məsafəli siyasət yürütmək məcburiyyətindədir. Qarşıdakı dövrdə biz bunu daha aydın şəkildə müşahidə edəcəyik".
Akif NƏSİRLİ