Onilliklər ərzində ilk dəfə olaraq Almaniyanın kansler və xarici işlər naziri postları yenidən bir partiyanın - sağ mərkəzçi Xristian Birlik İttifaqının əlində olacaq. Almaniya mətbuatı yazr ki, xarici işlər naziri vəzifəsini Almaniya parlamentində xarici siyasət eksperti kimi adından dəfələrlə söz etdirən 62 yaşlı Yohann Vadeful tutacaq.
Vadeful bu postda “Yaşıllar” partiyasından Annalena Berboku əvəz edəcək. Xristian Birlik İttifaqı və mərkəz sol Sosial Demokrat Partiyasının yeni koalisiya hökuməti mayın 6-da and içəcək.
Qeyd edək ki, Sosial Demokrat Partiyasının üzvləri Xristian Demokratlar İttifaqı və Xristian Sosialist İttifaqı ilə birgə koalisiya hökumətinin qurulmasına dair müqavilənin lehinə səs veriblər. Səsvermədə iştirak edənlərin 84,6 faizi müqavilənin lehinə səs verib. Səsvermədə üzvlərin 56 faizi iştirak edib ki, bu da tələb olunan minimum 20 faizlik həddi xeyli üstələyib. Aprelin 15-dən etibarən onlayn formatda keçirilən səsvermədə partiyanın 358 min üzvü 144 səhifəlik “Almaniya üçün məsuliyyət” adlı koalisiya sənədinə münasibət bildirmək imkanı qazanıb. Bundan əvvəl Xristian Demokratlar İttifaqı və Xristian Sosialist İttifaqı partiyalarının rəhbər orqanları da koalisiya müqaviləsini təsdiqləyib. Bu partiyalar hökumətdə nazir vəzifələrini tutacaq namizədləri də artıq elan edib.
Sosial Demokrat Partiyası rəhbərliyi isə partiyanın hökumətdə təmsil olunacaq yeddi nazirini mayın 5-də təqdim edəcək. Partiyanın sədri Lars Klinqbaylın vitse-kansler və maliyyə naziri vəzifələrini tutacağı gözlənilir. Hazırkı müdafiə naziri Boris Pistoriusun öz vəzifəsində qalacağı ehtimal edilir. Sosial Demokrat Partiyası, Xristian Demokratlar İttifaqı və Xristian Sosialist İttifaqı arasında koalisiya müqaviləsinin mayın 5-də imzalanması planlaşdırılır. Mayın 6-da isə Xristian Demokratlar İttifaqının lider Fridrix Mertsin Bundestaqda Kansler seçilməsi gözlənilir. Federal Kansler Federal prezidentin təklifi ilə gizli səsvermə yolu ilə seçilir. Bunun üçün Bundestaq üzvlərinin əksəriyyətinin - 316 deputatın səsi lazımdır. Fridrix Merts Kansler seçildikdən sonra Bellevue sarayında prezident Frank-Valter Ştaynmayer tərəfindən təyinat sertifikatı təqdim olunacaq. Bundan sonra yeni Kansler Bundestaqda and içərək rəsmən səlahiyyətlərinin icrasına başlayacaq. Yeni kansler Fridrix Mertsin yaxın tərəfdaşı hesab olunan Vadeful 2009-cu ildən bəri Bundestaqın üzvüdür. Xristian Birlik İttifaqının parlament qrupunun vitse-prezidenti olaraq o, xarici siyasət və təhlükəsizlik məsələlərinə cavabdeh olub. Vadeful öz vebsaytında yazır: “Əsas diqqətim transatlantik əlaqələr və NATO, Çin və Rusiya ilə münasibətlər, eləcə də Balkanlar və Yaxın Şərqdir”. Hüquq sahəsində doktorluq dərəcəsinə malik olan Vadeful həmçinin Almaniya silahlı qüvvələrinin ehtiyatda olan zabitidir, onun polkovnik-leytenant rütbəsi var. O, dəfələrlə Almaniya ordusunun daha yaxşı təchizi və ölkədə məcburi hərbi xidmətin yenidən bərpasını tələb edib. Bu profil ilə o, müdafiə naziri vəzifəsi üçün də nəzərdən keçirilirdi. Lakin bu vəzifə Almaniyanın populyar siyasətçisi, koalisiyada yer alan sosial-demokrat Boris Pistoriusa verilib. Almaniyanın xarici işlər naziri postuna namizəd Vadeful həm də Cənubi Qafqaz regionuna bələddir. O, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri olub. Dəfələrlə regionda səfərdə olan almaniyalı deputat yüksəksəviyyəli görüşlər də keçirib. Azərbaycan-Ermənistan arasında Qarabağ münaqişəsi ilə bağlı Vadefulun mövqeyi Azərbaycandan yana olub. Almaniyalı deputat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirib. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyata münasibət bildirən Vadeful bəyanatında deyib: “Ermənistan baş nazirinin Dağlıq Qarabağın birmənalı olaraq Azərbaycan ərazisinin bir hissəsi olduğunu etiraf etməsi danışıqlar üçün əsas yaradıb. Biz bu yolda davam etməliyik. Biz birmənalı şəkildə hərbi həlli rədd edirik”. Vadeful onu da bildirib ki, yeni hökumət Ukraynanı dəstəkləməyə davam edəcək: “Düşünürəm, bu məsələdə iştirak edən hər kəsə, xüsusilə Vladimir Putinə, aydın olmalıdır ki, biz Ukraynanın yanındayıq. Ukraynaya dəstək verəcəyik və ona Rusiya ilə... bərabər səviyyədə dayanmaq imkanı təqdim edəcəyik”. Vadefulun sözlərinə görə, yeni hökumətin Ukrayna siyasəti Avropa tərəfdaşları ilə əlaqələndirilmiş şəkildə formalaşdırılacaq. Zəifləyən transatlantik münasibətlər də gələcək xarici işlər nazirinin narahat edən mövzular arasındadır: “Avropa özünü müdafiə etmək üçün əvvəlkindən daha çox iş görməlidir. Almaniya da burada aparıcı rol oynayacaq. Lakin biz həm də Vaşinqtondan eşitmək istəyirik ki, onlar bizim səylərimizi qiymətləndirirlər və ümumi məqsədlərimizə sadiqdirlər”.
Ekspertlərə görə, Avropa İttifaqının doqquz ölkəsi ilə strateji tərəfdaşlığı haqqında sənədin imzalanması göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Azərbaycan Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Almaniya ilə də fəal əməkdaşlığa malikdir. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir. Bir müddət əvvəl Almaniya prezidenti Frank Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri də əlaqələrimizin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Ümumiyyətlə, proseslər göstərir ki, Almaniya Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Yohann Vadeful bu prosesə əlavə töhfələr verəcək. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var.
Samirə SƏFƏROVA