AZ

Praktiki fənn, NƏZƏRİ BİLİKLƏR: Hansı fəsadları olacaq?

Azərbaycanın demək olar ki, bütün orta məktəblərində informatika fənni sadəcə kitabdan keçirilir. Dövlət məktəblərinin əksəriyyətində yalnız bir kompüter otağı mövcuddur və bu kompüterlərdən də neçəsinin işlək vəziyyətdə olması naməlumdur.


Bəs texnologiyanın inkişaf etdiyi bir dövrdə şagirdlərin sadəcə nəzəri biliklərlə kifayətlənməsi nə qədər effektivdir? Orta məktəblərdə bu fənnin təşkili niyə düzgün formada aparılmır?


Təhsil eksperti Elçin Əfəndi “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.




“Hazırda ölkədə fəaliyyət göstərən 4400-dən çox tam orta ümumitəhsil müəssisəsində informatika fənninin tədrisi ilə bağlı müvafiq qərarlar alınır və bu istiqamətdə işlər görülür. Biz tədricən məktəblərin kompüterləşməsinə gedirik. Demək olar ki, əvvəlki dövrlə müqayisədə uşaqlarla kompüterlərin say nisbəti bərabərləşməyə başlayır. Lakin yaxın gələcəkdə təhsilalanların hər birinin fərdi kompüterlər təmin olunması istiqamətində işlər görülür. Əlbəttə, könül istərdi ki informatika fənninin tədrisi zamanı müasir texnologiya əlatlərindən istifadə olunsun, onlar nəzəri bilikləri öyrənərkən praktiki tapşırıqları da eyni anda yerinə yetirə bilsinlər. Amma bəzi bölgələrimizdə buna uyğunlaşma, ümumiyyətlə, yoxdur. Həmin bölgələrdə isə daha böyük addımların atılmasına ehtiyac var”.


 Ekspert fikirlərinə bunları da əlavə edib:


“İnformatika fənninə dırnaqarası yanaşma qətiyyən düzgün deyil. Bu fənnin nə qədər vacib olması Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarına salınması ilə təsdiq olundu. Ola bilər ki, gələcəkdə müəyyən ixtisaskar qrupunda da məhz informatika fənni ilə imtahan da götürülə bilər və yaxud da ən azından buraxılış və ya blok imtanında bu fənndən istifadə oluna bilər. Bunu nəzərə alsaq, biz bölgələrdə də, həmçinin paytaxtda da təkcə 1-2 otaqda deyil, auditoriyaların hər birində bu imkanı şagirdlərə yaratmalıyıq. O cümlədən, ağıllı lövhələrdən, materialların proyektor və s. qurğular vasitəsilə göstərilməsini təksə paytaxtda deyil, bölgələrimizdə də tətbiq edəriksə, effektivlik daha da artar”.


Ekspert vurğulayıb ki, hazırda bu fənnin tədridi ilə bağlı imkanların yüksək səviyyədə olmamasının elə də böyük fəsadları olmayacaq. Buna səbəb şagirdlər arasında texnoloji vasitələrdən istifadənin geniş yayılmasıdır. Lakin dərs şəraitində, ciddi formada kompüter biliklərinin öyrənilməsi baxımından məktəblərdə bu şəraitin tam şəkildə qurulması olduqca vacibdir.

 

Fidan Vəlisoy

Seçilən
0
referans.az

1Mənbələr