“Hər halda İran üçün hər mənada çox ağır bir dövrdür. Ölkə həm iqtisadi, həm də xarici siyasət sahəsində dərin böhran içərisindədir...”
“İran prezidenti cənab Məsud Pezeşkianın Bakıya ilk səfəri zamanı Azərbaycan lideri ilə İsrail baş naziri Benyamin Netanyahunun ölkəmizə gözlənilən səfəri haqda danışıb-danışmaması barədə elə bir məlumatım yoxdur. İstər İran mediasında, istərsə də digər xarici ölkə KİV-də hansısa ciddi informasiyaya rast gəlməmişəm. Ancaq o məlumdur ki, cənab Pezeşkian Azərbaycana səfəri zamanı bildirdi ki, İrandakı durumla bağlı Bakıda gecələyə, bir az uzun müddət qala bilər”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov söyləyib.
“Bəllidir ki, İran prezidentinin ölkəmizdən tez qayıtması İranın Bəndərabas limanındakı çoxsaylı insan itkisi ilə nəticələnmiş faciəvi partlayışla əlaqədar idi. Hətta şübhələr yaranmışdı ki, bu faciədən sonra artıq Pezeşkian Bakı səfərini təxirə salacaq, amma yaxşı ki, gəldi. Eyni zamanda belə ehtimal var ki, Netanyahu gəlib- gedəndən bir müddət sonra Pezeşkian daha ətraflı danışıqlar üçün yenə də Azərbaycana səfər edəcək”, - deyə davamında keçmiş səfir bildirib.
Bəndərabas limanındakı partlayışın guya İsrail tərəfindən törədilməsi haqda informasiyalara sabiq səfir belə münasibət bildirib:
“İran mediasında da bununla bağlı ciddi bir xəbərə rast gəlmədim. Və sonda İran daxili işlər naziri Bəndərabas limanındakı partlayışın ehtiyatsızlıq üzündən baş verdiyini və araşdırmaların davam etdiyini bildirdi. İsrail tərəfi isə rəsmən bəyan etdi ki, həmin dövlətin İran limanındakı faciə ilə heç bir əlaqəsi yoxdur...
Hər halda İran üçün hər mənada çox ağır bir dövrdür. Ölkə həm iqtisadi, həm də xarici siyasət sahəsində dərin böhran içərisindədir. ABŞ-la nüvə problemi ilə bağlı danışıqlarda da ciddi nəticələr yoxdur. Aparıcı xarici nəşrlər də təsdiqləyir ki, danışıqlarda hələlik irəliləyiş yoxdur. Bunun da əsas səbəbi Amerikanın ağır şərtlər qoyması və İran tərəfinin bunları qəbul etməsidir”, -deyə sabiq səfir diqqətə çatdırıb.
Sultan Laçın