Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi və maliyyə dəstəyi, eləcə də bu ölkənin birliyə qəbul edilməsi istiqamətində apardığı siyasəti sərt tənqid edib.
Operativ Media xəbər verir ki, O, bu mövqeyini "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı səsləndirib.
Orban bildirib ki, Avropa İttifaqının böyük maliyyə resursları, o cümlədən Macarıstanın vəsaitləri Ukraynaya yönləndirilir, halbuki Aİ özü ciddi maliyyə çatışmazlığı ilə üz-üzədir: "Avropanın pulları, o cümlədən bizim pullarımız Ukraynaya daşınır. Aİ iqtisadiyyatı ağır maliyyə böhranı ilə qarşı-qarşıyadır", – deyə Orban vurğulayıb.
Baş nazirin sözlərinə görə, Aİ rəhbərliyi Ukraynanın 2030-cu ilə qədər birliyə daxil olmasını prioritet kimi müəyyənləşdirib.
Lakin bu prosesin maliyyələşdirilməsi üçün Brüssel "nəhəng kredit" götürmək niyyətindədir ki, bu da Avropa üçün əlavə borc yükü deməkdir:
"Bu pulların böyük hissəsi Ukrayna xalqına deyil, orada fəaliyyət göstərən iri xarici şirkətlərə gedəcək. Bu, Avropa iqtisadiyyatının zəifləməsinə səbəb olacaq", – deyə o bildirib.
Orban qeyd edib ki, Ukraynanın Aİ-yə sürətlə qəbul edilməsi qərarı tələsik və zərərli siyasətdir: "Aydındır ki, bu məsələdə ehtiyatlı davranmaq lazımdır. Əgər vəziyyət nəzarətdən çıxmazdan əvvəl addım atılmazsa, bütün region iqtisadi və siyasi baxımdan iflasa uğrayacaq."
Macarıstan rəhbəri əlavə edib ki, hazırda ölkəsində Ukraynanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirilir və hökumət bu nəticələri Brüsselə təqdim etməyə hazırlaşır.
Orbanın fikrincə, Aİ üzvləri arasında geniş ictimai razılıq olmadan belə bir qərarın qəbul edilməsi demokratik prinsip və ittifaqın bütövlüyünə ziddir.